24 Noyabr 2017 08:42
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzərə alsaq ki, Azərbaycan böyük həcmdə qızılgül və qərənfili xarici ölkələrdən idxal edir, bu, iri məbləğdə pulun xaricə axmasına səbəb olur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Vüqar Bayramov qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumunun tətbiqi ilə bağlı yeni qaydanı şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, ölkəmizdə xüsusilə qızılgülə tələbat yüksəkdir:

“Təbii ki, xaricdən daha çox qızılgülün idxalı yerli istehsalın genişləndirilməsini məhdudlaşdırırdı. Halbuki ölkədə son illər gülçülüklə məşğul olan sahibkarların sayında artım var. Amma onların istehsal etdikləri məhsullar yerli bazarda xaricdən gələn qızılgüllərlə rəqabət apara bilmirdi. Bu da daxili istehsalı stimullaşdırmırdı.

Xaricdən gətirilən qızılgüllərə daha yüksək vergi rüsumlarının tətbiqi nəticə etibarı ilə ölkəyə daxil olan qızılgül və qərənfilin qiymətinə təsiri olacaq. Bu şərtlər daxilində yerli istehsalın genişlənməsi daha real görünür. Çünki bahalı idxal məhsulları ilə müqayisədə nisbətən ucuz yerli məhsullara tələbat artacaq.
Bu isə yerli istehsalçılar üçün daha çox gəlir qazanmaq imkanı yaradacaq və idxalı azaldacaq”.

Qeyd edək ki, 2018-ci il yanvarın 1-də qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tətbiq ediləcək. Bununla bağlı Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərar təsdiq edib. Hazırki qərara əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində idxal rüsumu tətbiq edilir, qərənfil isə gömrük idxal rüsumundan azaddır.


Müəllif: Şәfiqә

Oxşar xəbərlər