6 May 12:36
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Məcəlləyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da Məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 376-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının mediada yayımlanmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

***

Prezident İlham Əliyev İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Məcəllədəki dəyişikliyə əsasən, şəxsi axtarış şəxs inzibati qaydada tutulduqda, barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, yaxud inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin üzərində və ya bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparılır. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli vəzifəli şəxs tərəfindən, bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçiriləcək.

Bundan başqa, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin şəxsin bədənində gizlədilməsini güman etməyə kifayət qədər əsaslar olduqda şəxsi axtarış şəxsin soyundurulması ilə həyata keçirilə bilər. Bu halda videoçəkilişdən istifadəyə yol verilmir və barəsində şəxsi axtarış aparılan şəxsin bədən üzvləri eyni cinsdən olan tibb işçisi tərəfindən, təcrid olunmuş yerdə yoxlanılır. Tibb işçisi onun iştirakı ilə həyata keçirilən bu prosessual hərəkətin məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edir və olduğu halda öz qeydlərini protokola daxil edir. Həmin şəxs bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilər.

Eyni zamanda, əşyaların (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə edilmiş məhsul və sair) yoxlanılması fasiləsiz videoçəkiliş aparılmaqla həmin əşyaların mülkiyyətçilərinin və ya sahiblərinin iştirakı ilə həyata keçiriləcək. Şəxsi axtarış (bu Məcəllənin 92.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) və əşyaları yoxlama haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılacaq və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə olunacaq.

Məcəlləyə görə, maddi sübutların qeydə alınması məqsədilə onların fotoşəkilləri də çəkilə bilər. Bu halda nəqliyyat vasitəsinə baxış haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılacaq və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunacaq.

Həmçinin, əşyaların və sənədlərin götürülməsi zamanı onların fotoşəkilləri də çəkilə bilər. Bu halda əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fotoçəkilişdən də istifadə edilməsi barədə müvafiq qeyd aparılır və fotoçəkilişdən istifadə nəticəsində əldə edilmiş məlumat daşıyıcıları protokola əlavə olunur.


Müəllif: Teleqraf.com