Neftin son qiymət artımının səbəbi və davamlı olub-olmayacağı dünyadakı geosiyası vəziyyətdən asılıdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, neftin qiyməti 70 dollardan 67 dollara kimi enmişdi:
“Amma Trampın məşhur “Raketlərimiz gəlir” tvitindən sonra 5 dollara kimi qiymət artımı oldu. Bunun, əslində, iqtisadi əsasları yoxdur. Əgər geosiyasi gərginlik olmasaydı, sırf iqtisadi səbəblərlə bazarda neftin qiyməti dəyərləndirilsəydi, qiymət 60 dollardan da aşağı olardı. Çünki Amerika və Kandada çox ciddi hasilat artımı var. Son bir ildə iki ölkədə 2 milyon barelə yaxın hasilat artımı baş verib. Digər ölkələrdə də hasilatın artımı müşahidə olunur.
Qiymətin qalxması trendi o vaxt başladı ki, OPEK və Rusiya hasilatı azaltmaqla bağlı qərar verdilər. İkisi bir yerdə 1,8 milyon barel gündəlik hasilatı azaltdılar. Hasilatın azalmış hissəsi neft bazarlarında sabitlik yaratmağa və qiyməti yuxarı çəkməyə səbəb olmalı idi və belə də oldu. Amma artıq o azalan hissəni Amerika və Kanada tam doldurub. Bu ilin sonuna kimi 500-600 min barel neft hasilatı olacaq. Geosiyasi gərginliyin artması Qərb-Rusiya qarşıdurmasının güclənməsi, İraq, Suriya kimi ərazilərdə böyük müharibə ehtimalının olması bazarlarda bir psixoloji gərginlik yaradıb”.
Ekspert bildirib ki, sonuncu dəfə 40 ay bundan öncə neftin qiyməti 70 dolları ötmüşdü:
“Bu, sabit iqtisadi əsaslara, məntiqə söykənən bir qiymət artımı olmadığı üçün sabit qalacağı, artıb-azalacağı barədə danışmaq olmur. Qərb-Suriya münaqişəsi güclənəcəksə, hətta Suriyaya bomba atılması, müharibənin qızışmasını görəcəyiksə, o zaman neftin qiyməti 80 dolları da keçə bilər. Yox, əgər gərginliklər azalacaqsa, məsələlər masa üzərində həll ediləcəksə, geaosiyasi faktor aradan çıxacaq və neftin qiyməti kəskin ucuzlaşacaq. Bu da gəlirlərin fiksə olunmasına səbəb olacaq.
Neftin qiymətinin qalxması Azərbaycana müsbət təsir edir. Obrazlı desək, son zamanlarda Trampın bir tviti Azərbaycan iqtisadiyyatına gündəlik təqribən 3-4 milyon dollar əlavə gəlir gətirdi. Neftin qiyməti bir dollar artırsa, bu, əlavə yarım milyon gəlir deməkdir”.