8 İyun 2018 15:21
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il kənd təsərrüfatı baxımından əlverişli il hesab olunur. Dənli və paxlalı bitkilərin səpin dövründə, eyni zamanda becərmə işlərinin aparılması zamanı məhsuldarlığın ötən ilki dövrlə müqayisədə artıq olacağına inam yaranıb.

Bu sözləri Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, hazırda arpa biçini gedir: “Bu günə olan məlumata görə, 70 min hektardan artıq sahədə biçin həyata keçirilir. Respublika üzrə arpadan orta məhsuldarlıq hektara 24,5 sentnerə yaxındır. Suvarma şəraitində biçilən arpanın məhsuldarlığı daha çoxdur. Mövsümün sonuna məhsul istehsalında artım gözlənilir.

Bizim istehlak normamıza əsasən, bir nəfərə illik 180 kq ərzaqlıq buğda tələb olunur. Ötən il 1 milyon 818 min ton buğda yığılmışdı. İstehsal olunan buğdadan heyvan və ev quşlarına yem kimi, eyni zamanda toxumluq olaraq istifadə edilir.

Bu il pambıq əkinçiliyində optimal qaydada vaksinasiya işləri həyata keçirilib. Hazırda xəstəliyə qarşı mübarizə tədbirləri görülür. Məhsuldarlıqda azalma olmayacaq”.

İmran Cümşüdovun sözlərinə görə, tərəvəz bitkilərinin bəziləri istisna olmaqla əksəriyyəti təzə əkilib: “Əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin, eləcə də meyvələrin məhsuldarlığına müsbət təsir göstərdi. Arpa biçinində müəyyən ləngimə olsa da, bu ilki hava tərəvəz bitkilərinə, texniki bitkilərə müsbət təsir göstərib. Bu baxımdan bu il məhsulun bol olacağı gözlənilir”.

Qeyd edək ki, hazırda bazarlarda müəyyən ucuzlaşma müşahidə olunsa da, meyvə və bostan məhsullarının qiymətində ucuzlaşma müşahidə olunmur. Kartof 70 qəpik-1 manata, soğan 60-70 qəpiyə təklif olunduğu halda, gilasın qiyməti 2 man 50 qəpik, çiyələk 3 manat, alça 3-6 manat arasında dəyişir. Pomidor 1.50-2.50 manata satılır.

Rəylərə əsasən, mart ayının ikinci yarısında yağışlı hava şəraiti çiçəkləməkdə olan meyvə və bəzi tərəvəzlərin məhsuldarlığına mənfi təsir edib. Həmçinin bir neçə gün öncə intensiv yağışların yağması da məhsuldarlıq üçün neqativ amil olub.

AMEA Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev bildirib ki, yaxın müddətdə yağış yağsa taxılın məhsuldarlığı azalacaq: “Məhsulun yetişməsinə, yığımına az qalmış yağıntılı havanın davam etməsi qıtlıqla nəticələnir. Yağışlı hava bitkilərin mayalanmasını, özünü tutmuş meyvənin qalıcılığını təhlükəyə atmaqlaq yanaşı həm də ziyanverici və xəstəliklər çoxalmasına səbəb olur. Bu proseslər dolayısı ilə meyvənin az məhsuldar olmasına gətirib çıxarır.

Hazırda hava şəraiti normaldır. İyul-avqusta aylarında kəskin isti olarsa suvarma mənbələrindən istifadə etməklə kənd təsərrüfatı məhsullarının inkişafını təmin etmək olar. Amma kəskin istilər dağlıq və dağətəyi zonalarda kartof və taxılın məhsuldarlığına mənfi təsir edəcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov isə deyir ki, iyul-avqust ayları kəskin isti keçəcək. Onun sözlərinə görə, bu aylarda hava şəraiti bitkilərə mənfi təsir etməyəcək. O dövrdə taxıl bitkiləri biçilmiş olacaq.


Müəllif: Elxan Süleymanov

Oxşar xəbərlər