Azərbaycan manatını kəskin devalvasiya təhlükəsi gözləmir.
Bunu Teleqraf.com-a iqtisadçı Natiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda sadə iqtisadi model olduğu üçün manatın məzənnəsinə təsir edə biləcək əsas məsələ neft qiymətləri ilə bağlıdır: “Hazırda Azərbaycan nefti dünya bazarlarında yüksək qiymətlərlə satılır və rahat zonadadır. Heç kəs neftin bu qədər bahalaşacağını gözləmirdi, bu gözlənilməz oldu. Keçən illə müqayisədə qiymət artımı 60 faizə yaxınlaşır. Keçən 46-47 dollar olan qiymət indi 70-76 dollar civarındadır. Buna görə də, Azərbaycan manatı özünü rahat hiss edə bilər”.
Lakin Natiq Cəfərli hesab edir ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması manatla yanaşı, digər ölkələrin valyutalarına da müəyyən təsirlərini göstərə bilər:
“FED sentyabr və dekabr aylarında da, qiymət artımına gedəcəyini bəyan edib. Bu tendensiya digər valyutalara təzyiqlərin artmasına səbəb ola bilər. Lakin bu, hələlik bazarlarda hiss olunmur. Hazırda Azərbaycanla tərəfdaş olan ölkələrdə milli valyutaların öz dəyərlərini itirməsinə şahid edirik. Bu proses Türkiyə, Rusiya və Qazaxıstanda gedir. Bu baxımdan, FED-in qərarlarının Azərbaycan manatına da təsirləri ola bilər. Amma neftin qiymətlərinin artması kəskin devalvasiyanın qarşısını alacaq”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Elman Rüstəmov ölkədə devalvasiya üçün fundamental səbəbin olmadığını bildirib.