25 İyun 2018 17:56
1 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-dan ayın sonunadək ölkə ərazisində anomal isti olacağı, havanın maksimal temperaturunun 35-40, Mərkəzi-Aran rayonlarının və Naxçıvan MR-nın bəzi yerlərində 42 dərəcəyə yüksələcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bəs anomal istilərdən necə qorunmaq olar, temperaturun yüksəlməsi hansı xəstəliklərə yol aça bilər?

Məsələ ilə bağlı tibb elmləri doktoru Adil Qeybulla ilə əlaqə saxladıq:

“İsti havada buxarlanma çoxalır, qanın qatılaşması artır. Bu zaman müxtəlif xəstəliklər özünü büruzə verə bilər. Saat 12:00-dan 18:00 radələrinə qədər sərin məkanda vaxt keçirmək məsləhətdir. Çimərliyə gedənlərin dənizə axşam saatlarında girməsi məqsədəuyğundur. Günvurma ani məqamda başağrısı, danışığın pozulması, başgicəllənməsi, ürəkgetməsi kimi hallara səbəb ola bilər. Ona görə də istilərə adi yanaşmaq olmaz”.

Professor qeyd edib ki, hava isti keçəndə su isinmiş olur, temperatur təhlükəli həddə çatır, ultrabənövşəyi şüaların təsiri azalır: “Bu baxımdan dənizə girməyin, açıq havada olmağın zamanını seçmək mühüm əhəmiyyət kəsb edir. Ürək-damar sistemində problemi olan insanlar da istilərlə ehtiyatlı davranmalıdırlar”.

Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov deyir ki, temperatur yüksək olan ərazilərdə yaşayanlar diqqətli olmalıdırlar: “Meşə zolağlında, çay kənarında istirahətə gedənlər günvurma və ilan sancmalarında özlərini qorumalıdırlar”.

Azər Maqsudov qeyd edib ki, temperatur yüksələndən bu günə kimi ilan sancma hadisəsi ilə bağlı xəstəxanaya 42 müraciət daxil olub: “Mərkəzi Aran rayonlarında yaşayan vətəndaşalr xüsusi ilə diqqətli olmalıdrlar. İsti havalarda dah çox bu ərazilərdə ilan sancması baş verir. Bakıətrafı ərazilərdə - Güzdək, Qobu, Qaradağ, Xəzər rayonu, Zirə, Maştağa, həmçinin daş karxanası olan ərazilərdən ilan sancmaları dah çox olur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib ki, hava şəraitinin 42-dərəcəyədək yüksək olması Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikası üçün xarakterikdir: “Sadəcə, iyun ayının əvvəllərində temperaturun aşağı olması insanlarda bir qədər sərin hava şəraitinə uyğunlaşma komfortlu yaradıb. İyunun 26-27-də müşahidə olunan temperaut metohəssas insanlar üçün xarakterikdir. Bu baxımdan insanların narahat olmasına ehtiyac yoxdur. Bu ərəfədə temperaturun 42 dərəcəyədək yüksəlməsi son illərin statistik göstəricilərinə uyğundur”.


Müəllif: Elxan Süleymanov