Mobil dəstək proqramı vasitəsilə vətəndaşlar bizə qida sahəsində pozuntuları çatdıra biləcəklər.
Teleqraf.com xəbər verir ki, bunu mətbuat konfransında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, bu layihə ictimai nəzarəti gücləndirmək məqsədi daşıyır: "Artıq may ayında keçirilən tədbirdə biz onu nümayiş etdirdik. qida təhlükəsizliyinə dövlət nəzarəti istiqamətində layihə hazırlanıb. Bu layihə qarşıdaki 7 ili əhatə edəcək. Onu yaxın müddətdə prezidentə təqdim edəcəyik.
Dünyada elə bir ölkə yoxdur ki, orada 100 faiz təhlükəsiz qida olsun. Haqqında danışdığımız mobil dəstək proqramı ilə vətəndaşlar istirahət zonalarında, yaşadıqları ərazilərdə, eləcə də ölkə daxilində istənilən ərazidə qida təhlükəsizliyinin pozuntusuna şahid olurlarsa, bu barədə bizə dərhal məlumat verə biləcəklər. Video görüntü və ya şəkil çəkib göndəridikləri zaman biz məsələnin hansı istiqamətdə olduğunu aşkarladıqdan sonra müvafiq tədbirlər həyata keçiriləcək"
Qoşqar Təhməzli əlavə edib ki, halal-haram məsələsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi heç bir rəy verə bilməz: "Bizim agentlik qidanın tərkibində donuz ətinin olub-olmamsı ilə bağlı məlumat verə, müvafiq ekspetiza keçirə bilərik. Bunun əsasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar idarəsi və digər müvafiq qurumlar müəssisələrdə istehsal edilən məhsulun halal və ya haram olması barədə fikir bildirə bilərlər. Bizim agentlik yalnız məhsulun mənşəyini təyin edir, onun içərisində olan komponentlər haqqında rəy verir"
Qoşqar Təhməzlinin sözlərinə görə, dönər müəssisələrində standartlara riayət olunmanı təmin etmək üçün müvafiq təlimatlar hazırlanır: "Bu təlimatlar bir-bir bütün dönər satışını həyata keçirən müəssisələrə paylanacaq. Bu gün bir çox dönərxanalarda sanitar gigiyenik normalara riayət olunmur. Bu istiqamətdə də tədbirlərin görülməsi planlaşdırılıb".