Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsinin ikinci fazası üzrə işləri 2019-cu ilin iyununda bitirmək planlaşdırılır.
Bu barədə Teleqraf.com-a "SOCAR Turkey Enerji" şirkətindən bildiriblər.
Şirkətdən bidirilib ki, TANAP-ın ikinci fazası üzrə işlərin 85 faizi başa çatıb.
Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra gələn ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.