Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin rəhbərləri ilə görüşüblər.
Teleqraf.com-un məlumatına görə, 50-yə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına, ölkənin ixrac imkanlarının genişləndirilməsinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparılıb.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ümumi daxili məhsulun 80 faizdən çoxunun özəl sektorun payına düşdüyünü deyib, hazırda ölkənin bütün rayonlarında müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələrinin, logistik mərkəzlər fəaliyyət göstərdiyini vurğulayıb. Nazir qeyd edib ki, daxili təlabatın ödənilməsi ilə yanaşı, ixracın genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində tədbirlər görülür: “Belə ki, bu il Qazaxıstanda Azərbaycanın xaricdə ilk Logistik Mərkəzinin təməli qoyulub. Bundan başqa, yerli sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, sərgilərdə iştirak edir, qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olur, yeni əlaqələr qururlar. Hazırda rəqabətqabiliyyətli yerli mallar, o cümlədən kənd təsərrüfatı məhsulları ənənəvi bazarlarla yanaşı, yeni xarici bazarlara da ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz daha geniş potensiala malikdir”.
Şahin Mustafayev bu sahədə işin uzunmüddətli müqavilələr əsasında təşkilinin, keyfiyyətli məhsul istehsalının, beynəlxalq standartlara uyğun markalanmanın və qablaşdırmanın vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.
Naibə