Kompressor stansiyasında avtomatik idarəetmə sistemi yaradılacaq
“Qaradağ” sahəsində yerləşən 1 saylı kompressor stansiyasında 5 ədəd “10 QKN” tipli aqreqatda avtomatik idarəetmə sisteminin yaradılması nəzərdə tutulub.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, aqreqatların hər birinin məhsuldarlığı sutkada 480 min kubmetr, stansiyanın ümumi məhsuldarlığı isə 2 milyon 400 min kubmetr təşkil edir. Yeni avtomatik idarəetmə sistemi Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib. İdarəetmə sistemi quraşdırıldıqdan sonra əməyin təhlükəsizliyi təmin olunacaq, yerli və avtomatik təzyiqölçən cihazların təhlükəsiz istismarı üçün 3 gedişli paslanmayan ventillər quraşdırılacaq. Cihaz şiti və şkafları stansiyanın inzibati binasında yerləşdiriləcək.
Stansiya ən müasir yanğından mühafizə və qazlanma siqnalizasiyaları ilə təmin ediləcək. Avtomatik idarəetmə sistemində 10 ədəd güc silindrinin, 2 ədəd qaz kollektorunun, giriş qazının təzyiq və temperaturlarına nəzarət həyata keçiriləcək. Bundan başqa, yanacaq qazının tənzimləyiciyə qədər və tənzimləyicidən sonrakı təzyiq və temperaturu, karterdə yağın səviyyəsi və temperaturu, turbinlərdəki yağın təzyiqi, kompressor slindirlərində çıxış temperaturu və aqreqatların dövrlərinin sayına da avtomatik idarəetmə sistemi vasitəsi ilə nəzarət olunacaqdır.
Kompressor stansiyasının işinə “Qaradağ” sahəsindəki mövcud 2 saylı stansiyanın mərkəzi dispeçer otağından nəzarət ediləcək. Qaz sərfiyyatı barədə məlumatlar dispeçer otağına ötürüləcək ki, bu da stansiyanın işinə tam nəzarətə imkan yaradacaq.
Tikinti işləri 2015-ci ildə mövcud norma və tələblərə uyğun həyata keçiriləcək.