3 İyun 2020 16:30
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,52% artaraq 1 barelə görə 40,17 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 2,50% artaraq 37,73 dollar təşkil edib.

Neftin qiymətlərində yaranmış yeni durumla bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin Teleqraf.com-un suallarını cavablandırıb:

- Zəfər müəllim, son dövrdə neftin qiymətindəki dinamika nə ilə əlaqədardır?

- İndiki qiymət fiziki bazarlardakı qiymətlərlə uzlaşmır. Brent markalı neftinin avqust müqaviləsinin dəyəri 40 dollardır, amma bu, fiziki bazarın qiyməti deyil. Bu qiymətə liman, sığorta və daşınma xərcləri də daxildir. Bu gün neft onu hasil edən və ya ixrac edən ölkələrə elə də böyük gəlir gətirmir. Ona görə də ixracın yüksək gəlir gətirməsindən danışmaq hələ tezdir.

Təbii ki, may ayının 1-dən bu günə kimi OPEC və müttəfiq dövlətlərin kəsintilərlə bağlı bazara intervensiya etməsi qlobal neft bazarlarında həm stasionar anbar mərkəzlərində, həm də üzən anbarlarda (tankerlərdə) neft həcmlərinin durmadan artmasını bir az səngitdi. Əgər kəsintilərlə bağlı üç mərhələli may sazişi olmasaydı, hesablamalara görə, iyun ayının əvvəlində qlobal bazarlarda əlavə 1 milyard 200 milyon barel neft ehtiyatı əmələ gələcəkdi.

Halbuki may ayının 1-nə kimi strateji və kommersiya neft ehtiyatları Avropada 1 milyard bareli, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan dövlətlərdə 3 milyard bareli, Çin Xalq Respublikasında isə 800 milyon bareli keçmişdi. Bu tendensiya davam edəcəyi təqdirdə ilin sonuna kimi Çində rezervlər 1 milyard barel civarında olacaqdı.

Hesab edirəm ki, ilin sonunda Çində anbar mərkəzlərində sərbəst güclər tükənmək üzrə idi. Bir sözlə, indiki saziş olmasaydı, həm Amerika, həm Avropa, həm Asiya Sakit Okean bazarlarında tələbatdan əlavə neft həcmləri durmadan artacaqdı. Bu da son anda magistral neft kəmərlərində və anbar mərkəzlərində sərbəst güclərin tükənməsinə gətirib çıxardacaqdı. OPEC və müttəfiq dövlətlərin kəsintilərlə bağlı sazişi bütün ticarət platformalarında neftin indiki qiymətlərinə hər barelə orta hesabla 10-12, bəzən də 15 dollar əlavə edir.

Yəni bu saziş olmasaydı, qlobal neft bazarlarında ağırlıq mərkəzi itəcəkdi. Nəticədə neft qiymətləri mənfi zonaya daxil olacaqdı ki, bunu da uzun müddət tənzimləmək mümkün olmayacaqdı.

- Hazırda neftə olan tələbat hansı səviyyədədir? Bazarlarda möhkəm balansın yarandığını demək mümkündürmü?

- Bazarda möhkəm balansın formalaşmasından söhbət gedə bilməz. Çünki hələ də neftə olan tələbat aşağı səviyyədədir. Əgər pandemiyadan əvvəl, yəni 2019-cu ilin 12 ayı və 2020-ci ilin əvvəlində qlobal neftə olan gündəlik tələbat 99,5 milyon bareldən yuxarı idisə, iyun ayı üçün bu tələbat 82-84 milyon barelə düşüb. Yəni biz hələ də pandemiyadan əvvəlki göstəricilərə çata bilməmişik. Çünki nefti emal edəndə 60%-dən yuxarı müxtəlif markalı açıq neft məhsulları - avtomobil benzini, reaktiv və müxtəlif markalı dizel yanacağı alınmışdı.

Əgər ötən il gündəlik müxtəlif markalı avtomobil benzininə qlobal tələbat 47 milyon barel civarında idisə, may ayında bu tələbat 41 milyon barelə düşüb.

Pandemiya ən sarsıdıcı zərbəni reaktiv yanacağa vurub. Hazırda tələbat 90%-ə yaxın aşağı düşüb. Halbuki 2019-cu ildə reaktiv yanacağa gündəlik tələbat 7,4 milyon barel idi. May ayının ikinci ongünlüyündən sonra tələbat 3 milyon barelə çatıb. Bir sözlə, həm hava, həm dəniz, həm də avtomobil nəqliyyatı vasitəsilə daşımalarda kifayət qədər azalmalar mövcuddur.

Bununla yanaşı iqtisadi əlaqələrdə və dünyanın ticarət dövriyyəsində də müəyyən problemlər var. Bu da pandemiya ilə əlaqəlidir. Məlumdur ki, sərhədlər bağlıdır, limanların əksəriyyəti karantin rejimi çərçivəsində fəaliyyət göstərir, insanlar sərbəst fəaliyyətinə məhdudiyyətlər qoyulub. Buna görə də bütövlükdə enerji daşıyıcılarına tələbat aşağıdır. Bu da onu deməyə əsas verir ki, neftin qiymətində hər hansı bir sıçrayışdan söhbət gedə bilməz.

- Zəfər müəllim, OPEC+ ölkələrinin may-iyun aylarında hasilatı azaltmaq barədə qəbul etdiyi qərara müttəfiq dövlətlər əməl edirmi?

- May ayının 1-dən qüvvədə olan sazişə 100 faiz əməl edilmir. Bu gün məlum olur ki, OPEC və müttəfiq dövlətlərin gündəlik 9,7 milyon barel kəsintilərlə bağlı götürdüyü öhdəliyə cəmi 86 faiz əməl edilib. OPEC-dənb kənar dövlətlər öhdəliyə 75 faiz əməl edib. Öhdəlik sazişinə 100 faiz əməl etməyən dövlətlərin arasında Nigeriya, Qazaxıstan, Rusiya Federasiyası, Konqo, Sudan, İraq və Azərbaycan da var. Öhdəlik sazişinə görə, Azərbaycan gündəlik 554 min barel neft hasil etməli idi, amma bu gün məlum olur ki, bu həcm 614 min bareldir.

Bu gün ən çox neft hasil və ixrac edən dövlətlərdən biri İraqdır. İraq öhdəlik sazişinə 50 faizə yaxın əməl edib, hansı ki, ölkə 1 milyon barel kəsintiyə getməli idi. 2018-ci ildə İraqın sutkalıq hasilatın baza xətti 4,5 milyon barel idi. Məlum olub ki, may ayı ərzində İraqın ixracı 3,5 milyon barel, üstəgəl, gündəlik neftə olan daxili tələbatı 550 min bareldir. Bu isə ümumilikdə 4 milyon 120 min bareldir.

Sazişə əsasən, Rusiya 96 faiz öhdəliyi icra etməlidir. Amma Rusiyanın sutkalıq 2,5 milyon barel kəsintiyə getməsinə şübhə ilə yanaşıram. Çünki Rusiyadan fərli olaraq digər dövlətlərdə sutkalıq neft hasilatı və ixracı ilə bağlı bir əmsal var, yəni barellə hesablanır. Həm “Bloomberg”in, həm də “Plat” nəşriyyatının orta bir əmsalı var, yəni 1 ton xam neft api dərəcəsindən asılı olaraq 7,33 barel təşkil edir. Rusiyanın statistik göstəricilərində bu, pulla ifadə olunur. Ən maraqlısı odur ki, Rusiyanın statistika strukturu yanacaq enerji kompleksinin statistik göstəricilərində xam neftlə yüngül kondensatın sutkalıq hasilatını ayrı göstərmir. Buna görə də Rusiyanın kəsintini 96 faizə çatdırmasına inanmıram.

Öhdəlik sazişini icra edən dövlətlər yalnız Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliyidir.

- Demək olarmı ki, son OPEC+ sazişi bazara öz nəticəsini vermədi?

- Yox, qüvvədə olan sazişə əməl edilməməsinə baxmayaraq, bazara edilmiş intervensiya öz nəticələrini verir. Müşahidələrimə görə, üzən anbarlarda neft həcmlərində azalmalar baş verdi. Yəni tankerlərdə sərbəst güclər bir az artmağa başlayıb. Bunu da daşınma xərcləri ilə əlaqələndirirəm.

İndiki məqamda bazarda qısa mövqeli neft müqavilələri daha çox artacaq, nəinki uzun mövqeli müqavilələr. Ona görə də qiymətləri indiki səviyyədə saxlamaq üçün mütləq iyun-iyul aylarında da kəsintiləri mayın 1-də qəbul olunmuş qaydada saxlamaq lazımdır.

Çünki gündəlik hasilat mayın 1-dən 23, iyul ayından ilin sonunadək 18, növbəti ildə isə 14 faizdir. Hesab edirəm ki, kəsintiləri sentyabr ayına kimi 23 faiz səviyyəsində saxlamaq lazımdır ki, bazarda tələbatdan artıq neft həcmləri yığışdırılsın və ehtiyatlar illik normaya yaxınlaşdırılsın. Bunlar olmasa növbəti aylarda neft bazarlarını tənzimləmək çətinlik yaradacaq.

- İlin sonuna kimi neftə olan tələbat yenə də aşağı olacaq?

- Bu, dünyanın iqtisadi inkişaf dinamikasından asılı olacaq. Çünki pandemiya ilə əlaqədar dünyanın iqtisadi əlaqələrində çox böyük daralmalar baş verdi. Pandemiya neft bazarlarına yan təsir göstərib. Ona görə yan təsir deyirəm ki, bu, uzun müddət davam edə bilməz. Əgər ilin sonuna qədər karantin tədbirləri yumşalarsa, yəni sərhədlər açılarsa, yük daşımalarında, ticarət dövriyyəsində artım və iqtisadi fəallıq baş verərsə, onda neftə olan tələbat çoxalacaq. Amma bütün hallarda ilin sonuna kimi neftə olan tələbat ötən ilki səviyyəyə gəlib çata bilməyəcək.

Qənaətimcə, heç 2021-ci ildə də neftə olan tələbat 2019-cu ildəki səviyyəyə çatmayacaq. Amma 2024-2030-cu illərdə neftə olan tələbatda yenidən artan dinamika müşahidə olunacaq. Bəzi hesablamalara görə, ilin sonuna kimi neftə olan qlobal tələbat 88-89 milyon bareli keçəcək. Halbuki bu, ötən ildə 99,5 milyon bareldən yuxarı olmuşdu, bəzi aylarda 100 milyon barelə çatmışdı.

- Neftin qiymətinin ən aşağı və ən yuxarı həddi hansı aralıqda dəyişilə bilər?

- Ümumiyyətlə, neftin qiymətinin formalaşmasına iki amil təsir edir. Birinci, tələb-təklif, ikinci, maliyyə bazarları. Əgər neftin qiymətinin formalaşmasında tələb-təklifin payı 30 faizdirsə, maliyyə bazarlarının payı 70 faizdir.

Bu gün işgüzar aktivliyin aşağı olması fonunda neft sektoruna investisiya axını və neft müqavilələrinin maliyyələşdirilməsinə də təhlükə var. Böyük həcmli müqavilələri yalnız iri həcmli maliyyə qurumları və investisiya fondları həyata keçirir. İndiki dövrdə real bazarda risklərin olduğunu əsas götürərək maliyyələşmədən bir az yan keçirlər. Ona görə də qısa müddətdə neftin qiymətinin 60-70 dollar səviyyəsinə qalxması absurddur.

Neftin qiyməti qısa zamanda 45-50 dollar səviyyəsinə çata bilər, amma bu, sabit qiymət olmayacaq. Bazarda üç faktora əməl etmək lazımdır. Birinci, tələb və təklif, ikinci yüngül və ağır neftin balansı, üçüncü isə neft məhsullarının balansı. Əgər OPEC və müttəfiq dövlətlər bu amillərə nəzarət etsələr, o zaman bazarda balansın formalaşmasına nail ola bilərlər. Bazarda balans formalaşandan sonra qiymət sabitliyi yaranacaq.

Hesab edirəm ki, neftin qiymətində ən aşağı hədd olmayacaq. Çünki neft artıq böhranlı sahədən çıxıb. Ortada OPEC+ sazişi var və hesab edirəm ki, bu, çox uğurlu bir müqavilədir. Bu sazişin icra müddəti 2022-ci ilin aprel ayının sonuna qədərdir. Yəni kifayət qədər vaxt var ki, neft bazarları daim nəzarət altında olsun və tənzimlənsin.

İndiki icraya OPEC+ Nazirlər Monitorinq Komitəsi, eləcə də müstəqil nəşrlər də nəzarət edir. Qənaətimcə, ilin sonuna qədər neftin qiymətini 35-36 dollar dəhlizində sabit saxlamaq mümkün olsa, bu, çox böyük uğur ola bilər. Çünki hələlikdə neftin qiymətində yüksək sıçrayışların olmasına xüsusi əsaslar yoxdur.


Müəllif: Yeganə Oqtayqızı