9 İyun 2020 14:14
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin may ayında neft idxalını aprel ayına nisbətən 15% artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

Beləliklə, Pekin ötən ilin noyabrından sonra yeni rekord müəyyənləşdirib – baharın son ayında ölkəyə idxal olunan neftin həcmi demək olar ki, 48 milyon ton təşkil edib.

“Qazeta.ru” Çinin enerji bazarı üçün ən çətin dövrlərdən birində “qara qızıl” idxalının kəskin şəkildə artırdığını izah etməyə çalışıb.

Bildirilir ki, ay ərzində təxminən 48 milyon ton neft idxalı gündəlik 11,5 milyon barel neftin idxalı deməkdir. Bu da bütün Rusiya neft istehsalçılarının istehsal etdiyi məhsuldan çoxdur. Belə ki, OPEC+ sazişinin şərtlərinə görə, Rusiya hazırda bazara gün ərzində 8,5 milyon bareldən çox neft çıxara bilməz.

“Alpari” informasiya-analitik mərkəzi rəhbərinin müavini, 2018-ci ildən Rusiyanın aparıcı KİV-ləri tərəfindən ən çox istinad edilən analitiklərin “TOP-5”liyinə daxil olan Natalya Milçakova “Qazeta.ru”ya verdiyi açıqlamada bildirib ki, Çin bu yolla aşağı qiymətə neft almaq fürsətindən istifadə edir.

O deyib: “Rasional neft idxalçıları üçün – Çin, əlbəttə ki, belədir – qiymətlərin aşağı olduğu dönəmdə neft ehtiyatları yaratmamaq sadəcə qeyri-uzaqgörənlik olardı. Çinin bundan sonra böyük həcmdə neft idxalını dayandıracağını düşünmək lazım deyil. Axı ölkə iqtisadiyyatı getdikcə bərpa olunur. Bir çox dövlətlərin hava yolu ilə səyahətlərə qoyulan məhdudiyyətləri ləğv etməsi və əslində Çin turistlərinin axınını – dünyanın ən çox ödəmə qabiliyyətinə malik turist kütlələrindən birini gözləməsi bunun sübutudur. Əgər 2020-ci ilin sonunadək mümkün olmasa, 2021-ci ilin birinci yarısında turizm sənayesi bərpa olunacaq”.

Analitikin fikrincə, bu isə o deməkdir ki, reaktiv yanacağa tələbat yalnız artmağa davam edəcək: "Yay aylarında “Brent” markalı neftin bir barelinin qiyməti 40-45 dollar ətrafında dövr edəcək. Bu ilin payızında isə qiymət 50 dollara qədər bahalaşacaq. Amma bu, pandemiyanın ikinci dalğasının baş vermədiyi təqdirdə mümkün olacaq”.

O əlavə edib ki, artıq indidən London qitələrarası birjasında bir “çəllək” “Brent” neftinin qiyməti 41 dollardır.


Müəllif: Səxavət

Oxşar xəbərlər