İqtisadçı-ekspert Xalid Kərimov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Məlum olduğu kimi, Maliyyə Nazirliyi bu ilin altı ayında dövlət büdcəsinin icrasına dair məlumatı açıqladı. Hesabata əsasən, icmal büdcədə 513,9 milyon manat kəsir (defisit) yaranıb. İndiki halda büdcə kəsirində yaranmış məbləği təhlükəli saymaq olarmı?
- İlk öncə qeyd edim ki, icmal büdcə dövlət və Naxçıvan Muxtar Respublikası büdcəsinin və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini göstərən maliyyə sənədidir.
Dövlət büdcəsinin gəlirinin 2020-ci ilin yanvar-iyun ayları üzrə nəzərdə tutulandan 2.9% çox icra olunması, dövlət büdcəsi kəsirinin 2.76 milyard manat proqnozlaşdırılmasına baxmayaraq ilin ilk yarımilliyində 291.9 milyon manat profisit yarandı. Deməli, hazırda icmal büdcədə yaranmış 513.9 milyon manatlıq kəsir əsas büdcə ilə əlaqədar deyil.
Bu il üçün təsdiq edilmiş büdcədə icmal büdcənin kəsirinin maksimal həddi 14.3 milyard manat təsdiq edilmişdi ki, hazırkı rəqəmlər hökumət üçün sürpriz deyil, idarə olunandır. Neft qiymətlərinin proqnozlaşdırılan 55 dollara qarşı 38.7 dollar olmasına baxmayaraq, ilin ilk yarımilliyində Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə transfertlər nəzərdə tutulan həcmdə oldu və sevindirici haldır ki, DNF-nin rezervləri cüzi azaldı. Bu da hazırkı vəziyyətin ciddi təhlükə yaratmadığını qeyd etməyə imkan verir.
- Vergi orqanlarının xəttilə bu ilin 6 ayında büdcəyə 4005,4 milyon manat vəsait daxil olub. Həmin vəsaitin 72,4 faizi və yaxud 2899,5 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 367,7 milyon manat və ya 14,5 faiz çoxdur. Sərt karantin tədbirləri çərçivəsində buna necə nail olunub?
- Bu sual doğrudan da geniş ictimaiyyəti düşündürən əsas məsələdir. Ümumi Daxili Məhsulun (ÜDM) azalması fonunda toplanmış vergilərin həcminin artması, xüsusilə də bu artımda qeyri-neft sektorunun aktivliyi düşündürücüdür. Bunun bir neçə səbəbi ola bilər.
Birinci, iqtisadiyyatın şəffaflaşması və qeyri-rəsmi iqtisadiyyatın miqyasının tədricən azalması. 2019-cu ildən başlayaraq Vergi Məcəlləsində aparılmış islahatlar və görülən tədbirlər həqiqətən də “kölgə iqtisadiyyatı”nın azaldılmasına müsbət təsir göstərib və əhalinin qeyri-nağd ödənişlərə marağını artırıb.
İkinci, dövlətin maliyyə yardımı və işçilərin ixtisar edilməməsi sahəsində gördüyü tədbirlər iş yerlərinin kəskin azalmasının qarşısını alıb. İşçilərin ixtisar edilməməsi sahəsində tədbirlər həm iqtisadi, həm də inzibati formada olub ki, xüsusən də inzibati tədbirlərin davamlı olması məqsədəuyğun deyil.
Üçüncü, vergi orqanlarının inzibatçılığının təkmilləşdirilməsi və vergi ödəyicilərinə qarşı intizam tədbirlərinin gücləndirilməsi.
Vergi toplanmasındakı artımın özlüyündə müsbət addım olmasına baxmayaraq, iqtisadi aktivliyin zəifləməsi fonunda qeyri-neft sektorunun subyektlərinin sərəncamında qalan vəsaitin daha çox həcmdə dövlət büdcəsinə vergi formasında alınması onların sonrakı fəaliyyətinə ciddi mənfi təsir edə bilər.
Dövriyyənin aşağı düşməsi vergi ödəyicilərinin qazanc göstəricilərinə mənfi təsir göstərib. Əvvəlki dövrlərdən toplanmış ehtiyatların həm zərərin qarşılanmasına, həm də faktiki olaraq artan vergi ödənişlərinə yönəldilməsi onların sonrakı fəaliyyətini iflic edə bilər. Bu isə ümumi iqtisadi aktivliyin azalmasına və iş yerlərinin bağlanmasına səbəb ola bilər.
- Sizcə, 2020-ci ilin büdcə layihələrində nələr və necə dəyişəcək?
- İqtisadiyyat və maliyyə qurumlarını idarə edən rəsmi şəxslərin verdiyi məlumatlar, eləcə də cari vəziyyətin qiymətləndirilməsi onu deməyə imkan verir ki, büdcədə nəzərdə tutulan sosial və müdafiə olunan xərclər tam miqyasda icra olunacaq və burada hər hansı dəyişiklik nəzərdə tutulmur.
Dəyişikliklər əsasən, dövlət büdcəsində nəzərdə tutulan və təxirə salına bilinən qeyri-sosial xərclərdə və investisiya qoyuluşlarında olacaq. Bu isə ilin ikinci yarısında ölkədə iqtisadi aktivliyə mənfi təsir göstərəcək və layihələrin icrasına mane olacaq.
- Qarşıdakı yarımillikdə büdcə parametrlərini necə proqnozlaşdırmaq olar?
- Düşünmürəm ki, ilin ilk yarımilliyində müşahidə olunan pozitiv rəqəmləri ilin ikinci yarımilliyində də müşahidə edəcəyik. Çünki karantin tədbirləri və iqtisadiyyatın məhdud fəaliyyəti demək olar ki, bütün subyektlərə mənfi təsir göstərir. Dövlətin yardım paketinin məhdud miqyasda olması və paketin genişləndirməməsi də dövriyyəyə əlavə vəsaitin daxil olmasını məhdudlaşdırır.
İlin ilk yarısında təsərrüfat subyektlərini ayaqda saxlamağa imkan vermiş dövlət yardımı və əvvəlki dövrdən toplanmış rezervlər də artıq öz təsirini itirməkdədir. Büdcənin icra edilməsi vergi orqanlarının yaxşı işləməsindən çox ölkədəki işgüzar aktivlikdən asılıdır. Bu baxımdan iqtisadiyyatdakı karantin tədbirlərinin tezliklə aradan qaldırılması və biznes subyektlərinə əlavə yardımların təqdim edilməsi zəruridir. Bu, həm ölkədəki iş yerlərinin sürətli bərpasına kömək edə bilər, həm də sosial vəziyyətin yaxşılaşmasına dəstək verər.
İkinci yarımillikdə büdcə xərclərində müdafiə olunmayan xərclərin restrukturizasiyası qaçılmazdır. Gəlirlərin icra olunması isə birbaşa olaraq karantin tədbirlərinin ləğvindən və dövlətin iqtisadi fəaliyyəti stimullaşdırmaq cəhdlərindən asılı olacaq. Lakin indiki vəziyyətdə ölkəni ciddi maliyyə riskləri gözləmir.