“İtaliyada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndəliyi açılacaq”.
Teleqraf.com-un məlumatına görə, ASK prezidenti Məmməd Musayev Azərbaycanda İtaliya günləri çərçivəsində keçirilmiş mətbuat konfransında deyib. Görüşdə İtaliyada Konfederasiyanın nümayəndəliyinin açılması haqqında saziş imzalanıb. ASK-nın İtaliyadakı rəsmi nümayəndəsi İtaliya-Azərbaycan Ticarət İnstitutunun (ITAZERCOM) rəhbəri Manuela Traldi olub.
M.Musayev qeyd edib ki, İtaliya Türkiyə, Almaniya və Ukraynadan sonra ASK nümayəndəliyinin açıldığı dördüncü ölkədir.
O bildirib ki, İtaliya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir və ötən ilin yekunları üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 6,2 milyard dollar olub.
M.Musayev əlavə edib ki, indiyədək iki ölkə arasında iqtisadiyyat sahəsində təqribən 20 sənəd imzalanıb. Azərbaycanda müxtəlif sahələrdə 50-dən çox İtaliya şirkəti fəaliyyət göstərir və onların sayı artır.
ASK prezidentinin sözlərinə görə, əməkdaşlığın əsas sahələri turizm, tikinti, toxuculuq sənayesi, kənd təsərrüfatı, emal və nəqliyyatdır.
Xanım M.Traldi bildirib ki, sabah Bakıda İtaliya günləri çərçivəsində Modena şəhərinin sənaye və mədəni uğurlarına həsr olunmuş sərgi keçiriləcək.
İlhamə