“Yaxın illərdə əksər neft emalı zavodları (NEZ) fəaliyyətlərini dayandıra bilər”.
Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.
O bunu emal marjının aşağı düşməsi ilə izah edib:
“Qarşıdakı aylarda neftin qiymətini təhdid altına alan məsələlərdən biri də emal sektorudur. Həm Avropada, həm Asiyada, həm də Amerikada olan neft emal güclərinin hər barelə görə neftin emal marjı 1 dollar 40 sentə düşüb. Halbuki bu, ötən il 3 dollar 70 sentdən yuxarı idi. Neft emalı zavodlarının (NEZ) uzun müddət aşağı emal marjında işləməsi onların fəaliyyətini təhdid altına alır. Ola bilər ki, yaxın illərdə mürəkkəb konfiqurasiyalı NEZ-lərin əksəriyyəti fəaliyyətlərini dayandırsın”.
Analtikin sözlərinə görə, çox qısa müddətdə neftə olan tələbat aşağı düşəcək:
“NEZ-lərdə material balansının təhdid altına düşməsi də, neftin qiymətinə təsir edir. Pandemiyanın doğurduğu fəsadlarla əlaqədar olaraq dövlətlər arasında hava nəqliyyatı demək olar ki, dayanıb. Bütün dünyada təyyarə yanacağına olan tələbat keçən illə müqayisədə 60 faiz azalıb. Bu isə NEZ-lərin normal rentabelli fəaliyyətini təhdid altına alır. Emal edilən hər 100 ton neftdən təxminən 20 faizi kerasin fraksiyası və yaxud təyyarə yanacağı alınır. Əgər təyyarə yanacağına və kerasin fraksiyasına tələbat aşağıdırsa, bu zaman neftin qiymətinin indiki səviyyədə davam gətirməsi şübhə altındadır. Qlobal emal güclərində emal marjına olan tələbat aşağı səviyyədədirsə, deməli, çox qısa müddətdə neftə olan tələbat da aşağı düşməlidir”.
Zəfər Vəliyevin qənaətincə, OPEC və müttəfiq dövlətlər qlobal bazarlarının tənzimlənməsində düzgün strategiya yürütmür:
“1960-cı ildən bu günə kimi OPEC və müttəfiqləri qlobal bazarların idarə edilməsində yalnız neft ehtiyatlarını və gündəlik hasilatı tənzimləyiblər. Amma ixrac əsas götürülməyib. Halbuki birinci ixrac həcmlərinə nəzarət etmək lazımdır. Çünki qlobal bazarlarda neftin qiymətini məhz ixrac həcmləri müəyyən edir. İkinci, neft məhsulların ixrac həcmləri də nəzarətə götürülməlidir. Üçüncü, emal zavodlarının funksional fəaliyyətini tənzimləmək üçün yüngül və ağır neftin balansını qoruyub saxlamaq lazımdır. OPEC və qeyri-OPEC ölkələri bu üç istiqamətdə fəaliyyət göstərməlidir, eyni zamanda öz fəaliyyətlərində kifayət qədər struktur islahatları aparmalıdır. Çünki qlobal bazarlarının mövcud reallığı OPEC-in hazırkı mandatına uyğun deyil”.
Analitik avqustun 19-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasına da toxunub:
“Bu, səlahiyyətli görüş deyil. Avqustun 18-də OPEC + Birgə Nazirlər Monitorinq Komitəsinin (JMMC) iclası da keçirildi. Hər iki iclas qlobal neft bazarlarının tənzimlənməsi ilə bağlı hər hansı bir qərar qəbul etmək səlahiyyətində deyil. Birgə Monitorinq Komitəsi bazarın tənzimlənməsi ilə bağlı Vyana sazişinin şərtlərinin icra vəziyyətinə nəzarət edir. Bu toplantıda bazarın vəziyyəti, iştirakçı dövlətlərin sazişə əməl etmə səviyyəsi müzakirə olunacaq. Adətən, mühüm qərarlar OPEC və qeyri-OPEC ölkələri nazirlərinin zirvə toplantısında verilir.
OPEC-in Texniki Komitəsinin məlumatına görə, iyul ayında OPEC və qeyri-OPEC ölkələri kəsintilərlə bağlı hasilat kvotalarına 95 faiz əməl ediblər. Bu, pis göstərici deyil. Təyin edilmiş kvotalara İraq və Nigeriyanın əməl etmədiyi müəyyən olunub. May ayından başlayaraq Nigeriya, Anqola, Qazaxıstan, İraq kimi istehsalçı dövlətlər hasilat kvotalarına əməl edə bilməyiblər. Bunun da obyektiv səbəbləri var. Çünki hər bir dövlət öz ərazisindəki yerli və xarici şirkətlərin ümumi razılığı əsasında kəsintilərə getməlidir. Bütün hallarda OPEC və qeyri-OPEC ölkələri qlobal neft bazarlarının tənzimlənməsi ilə bağlı qarşılarına qoyduqları hədəflərin bir hissəsinə çatıblar. Amma bu, o demək deyil ki, bazarda möhkəm balans yaranıb. Baxmayaraq ki, 2016-cı ildən bu günə kimi bazarın tənzimlənməsi ilə bağlı OPEC və müttəfiq dövlətlər bazarlara adminstrativ intervensiya edirdilər. Amma qlobal neft bazarlarında hələ möhkəm balans yaradılmayıb”.
Zəfər Vəliyev hesab edir ki, hazırda həm stasionar anbarlarda, həm də üzən tankerlərdə normadan artıq neft həcmləri var:
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrin aktivindəki neft ehtiyatları ötən illə müqayisədə kifayət qədər artıb. 2019-cu ildə təşkilata üzv dövlətlərin anbarlarında yığılmış neft ehtiyatları 2,8-2,9 milyard barel civarında idisə, bu gün 3,2 milyard bareldir. Təxminən 2 faizə qədər artım var. Son bir ay ərzində üzən tankerlərdə neft həcmləri 35 milyon barel civarında azalmışdı. Amma hazırda üzən tankerlərdə 150 milyon barel neft həcmləri mövcuddur”.
Azərbaycanın Vyana sazişinə əməl etməsinə gəlincə, ekspert bildirib ki, ölkəmiz OPEC+ sazişində götürdüyü öhdəliyə əməl edir: “Azərbaycan ilin sonuna kimi 18% olmaqla 131 min barel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə 14% olmaqla 98 min barel kəsintilərə getməlidir. Azərbaycan öhdəlik sazişinə əməl edir”.