24 Avqust 2020 15:51
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazarda pomidorun qiyməti ucuzlaşmaq bilmir. Ötən ilin bu dövründə 70-80 qəpiyə satılan pomidorun qiyməti indi bazarlarda demək olar ki, ikiqat artıb. Hazırda bazarda bu tərəvəzin bir kiloqramı 1 manat 20 qəpiyə təklif olunur. Keyfiyyətinə görə fərqlənən pomidorların satış qiyməti isə 1 manat 70 qəpik, hətta 2 manat 50 qəpik civarındadır. Satıcılar da regionlarda pomidoru yüksək qiymətə əldə etdiklərini bildirirlər.

İqtisadçı-ekspert Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, məhsulun qiymətinin yüksəlməsinin iki səbəbi var:

“Birinci, məhsulun ixracat potensialının artmasına daha çox təşviq edirlər. Pomidor ölkəmizin qeyri-neft sektoru ixracatında aparıcı məhsuldur. İxrac daxili bazardan daha sərfəlidir. Eyni zamanda istehsalat ixracata paralel olaraq artmır. Əgər ixracata uyğun pomidor yetişdirilsəydi, daxili bazara ciddi təsir etməzdi. Pomidorun xaricə göndərilməsi stimullaşdırılır deyə, yerli bazara da az məhsulun çıxarılması müşahidə olunur. Bu da təbii olaraq qiymətlərə təsir edir”.

Ekspertin sözlərinə görə, daşınma xərclərinin müəyyən dərəcədə artması, məhsulun qiymətlərinə təsir edən amillər sırasındadır:

“Doğrudur, benzinin qiyməti artmayıb, amma karantin rejimi, gediş-gəlişin məhdudlaşması, zaman itkisi kimi məqamlar regionlardan Bakıya daşınan məhsulların maya dəyərinə təsir edir. Hər iki amil ötən illə müqayisədə pomidorun qiymətində ciddi fərqlərin olduğunu üzə çıxarır. Hesab edirəm ki, yerli istehsalın həcmi artmalıdır. Əks halda ildən-ilə eyni şeylərin təkrar olmasını müşahidə edəcəyik”.

Natiq Cəfərli hesab edir ki, qeyri-neft sektorunda ixracatın artması müsbət tendensiyadır:

“İxracata paralel olaraq yerli istehsalın həcminin artmasına nail olmasaq, daxili bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunacaq. Azərbaycan pomidorunun ixracat potensialı onu deməyə əsas verir ki, məhsulun keyfiyyəti pis deyil. Problem ondan ibarətdir ki, Azərbaycanda aqrar sektorda məhsuldarlıq çox aşağı səviyyədədir. Türkiyədə 1 hektar istixanadan alınan məhsulla Azərbaycanda alınan məhsul arasında təxminən 30-50 faiz fərq olur. Bunun üçün aqrotexniki qaydalar yenilənməlidir, daha elmi yanaşma ortaya qoyulmalıdır, məhsula daha yaxşı qulluq göstərilməlidir, yeni texnologiyalardan istifadə olunmalıdır. Həmçinin əkin sahələrinin suvarılması optimallaşdırılmalı, toxumların seleksiyası yaxşılaşdırılmalıdır. Azərbaycanda əl əməyindən çox istifadə olunur ki, bu da məhsulun maya dəyərinin artmasına səbəb olur. Bir sıra tədbirlər görülməlidir ki, aqrar sahədə məhsuldarlıq artsın. Ümumiyyətlə, indiki halda məhsuldarlığın aşağı və bu sahənin ixracat yönümlü olması yerli bazara ciddi mənfi təsir göstərir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər