“Qara dənizdə aşkar edilmiş təbii qaz ehtiyatının altındakı təbəqələrdə yeni kəşflər mümkündür. İki aydan sonra yeni müjdə gələ bilər".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz deyib.
Nazir "Türkiyə Petrolu"nun yaxın coğrafiyanın neft və təbii qaz sahələrində ortaq iş aparan bir şirkət olduğuna diqqət çəkib:
“Rusiyanın müxtəlif yerlərində, İraqda və Əfqanıstanda neft sahələrimiz var. Bu mənada "Türkiyə Petrolu" bölgədə ciddi bir oyunçudur. Niyyətimiz bunu qlobal səviyyələrdə qəbul etdirməkdir. 2020-ci ildə dənizdəki kəşflər sahəsində bir nömrəyik”.
Fatih Dönməz Qara dənizdə quyuların hasilata başlayacağı tarixi də açıqlayıb: “Təbii qazın istifadəsini 2023-cü ilə çatdıracağıq. Quyuları açdıqca hasilata başlayacağıq. Uzun illərdir Bolqarıstan sərhədindən, “Türk Axını” layihəsi ilə birlikdə Kıyıköydən qaz alırıq və 81 əyalətimizə təbii qaz daşıyırıq. Buradakı təbii qazı əsas ötürmə şəbəkəsinə - “Ereğli” ya da “Akçakoca”da birləşdirəcəyik”.
Nazir Aralıq dənizindəki potensial bölgələrdə qazma işlərinin davam etdiriləcəyini vurğulayıb: “Həm neft, həm də təbii qaz tapmaq ehtimalımız var. Aralıq dənizindəki son kəşf əsasən təbii qaz idi. Neft və təbii qazın eyni sahədə çıxarıldığı nöqtələr var”.
Fatih Dönməz Türkiyənin gündəlik neft istehlakının 1 milyon barelə yaxın olduğunu deyib:
“Bu, istehsal rəqəmləri ilə müqayisədə aşağı səviyyədir. İstehsal rəqəmlərimizi gündə 100 min barelə yüksəltməliyik. Qurudakı fəaliyyətimizi artırmağa davam edirik. Son illərdə yeni kəşflərlə gündəlik istehsalımızı 42 min bareldən 53 min barelə çatdırdıq. Neft istehsalımızın böyük hissəsini Cənub-Şərqdə və təbii qaz istehsalımızı Trakyada həyata keçiririk”.