Pandemiya dövründə səhmləri rekord dəyər qazanan “Amazon” şirkəti Kanada və ABŞ-da 100 minə yaxın yeni işçi qüvvəsi cəlb edəcək.
Teleqraf.com xəbər verir ki, şirkət yarımştat və ya tam ştatlı yeni işçilərə saatı 15 dollar başlanğıc maaş təklif edir.
Şirkətin verdiyi açıqlamaya görə, yeni iş yerlərində müxtəlif kənar gəlirlər və seçilmiş şəhərlərdə 1000 dollara qədər işə qəbul bonusları olan təhsil proqramları da daxildir.
“Amazon” sentyabr ayında yükləmə mərkəzləri, çatdırılma stansiyaları, çeşidləmə mərkəzləri və digər obyektlərlə birlikdə 100 yeni əməliyyat binası açmağı planlaşdırır.
ABŞ-ın elektron ticarət nəhəngi əməliyyatlarının böyüklüyü və bazar dəyərindəki sıçrayışla Vaşinqtondakı qərargahından İngiltərəyə qədər məşğulluğu artırır. Bu il pandemiya zamanı “Amazon”un səhmləri təxminən 70% artıb və şirkətin bazar dəyəri 1,56 trilyon dollara çatıb.
Şirkətin qurucusu və CEO-su Ceff Bezos 184 milyard dollar sərvətlə dünyanın ən zəngin insanıdır.