Türkiyənin müdafiə və aviasiya sənayesi keçən ay 77 milyon 167 min dollardan çox Azərbaycana ixracat reallaşdırıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyə İxracatçılar Məclisi (TİM) açıqlayıb.
Məlumata görə, sentyabr ayının ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz, avqust ayında isə 28,5 faiz artımla 16 milyard 13 milyon dollar olub.
Ümumilikdə Türkiyənin müdafiə və aviasiya ixracatı yanvar-sentyabr aylarında 17 faiz azalaraq 1 milyard 521 milyon 396 min dollara düşüb. Sentyabr ayında ötən ilin eyni dövrünə görə 80 faiz artan müdafiə və aviasiya ixracatı avqust ayına görə 58,7 faiz artaraq 281 milyon 582 min dollara çatıb.
Müdafiə və aerokosmik sənayesi Türkiyənin cəmi ixracatında sentyabr ayında 1,9 faiz, ilin doqquz ayında isə 1,4 faiz pay alıb.
Sektorda ən çox ixracat ötən ay 77 milyon 167 min dollarla Azərbaycana edilib. Azərbaycanı 62 milyon 974 min dollarla Oman, 62 milyon 77 min dollarla ABŞ, 15 milyon 673 min dollarla Hindistan və 14 milyon 588 min dollarla Almaniya izləyib.
Miqdar baxımından da sentyabrda keçən ilin əvvəlki dövrü ilə müqayisədə ən yüksək ixrac 76,7 milyon dollarla Azərbaycana həyata keçirilib.
Ümumilikdə bu ilin 9 ayında Türkiyənin müdafiə və aviasiya sənayesi ən çox xarici satışını 531 milyon 107 min dollarla ABŞ-a edib. Sıralamanı 127 milyon 928 min dollarla Birləşmiş Ərəb Əmirlikləri, 123 milyon 723 min dollarla Almaniya, 123 milyon 26 min dollarla Azərbaycan və 114 milyon 912 min dollarla Hindistan davam etdirib.
Müdafiə və aviasiya sənayesi sektoru keçən ay 113 nöqtəyə ixrac edib. Sektor keçən ilin eyni dövründə 110 nöqtəyə ixrac etmişdi.