3 milyona yaxın əhalisi olan Ermənistan müstəqillik qazandığı gündən indiyə qədər kəskin demoqrafik problemlər yaşayır.
Bu barədə Teleqraf.com-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bildirilir ki, BMT-nin 2019-cu il üzrə Beynəlxalq Miqrasiya hesabatına əsasən, 1990-cı ildən bu günədək Ermənistanda ölkə əhalisi təxminən 16 faizi azalıb. Bu cür kəskin azalma tendensiyası ölkədə doğum nisbətinin aşağı düşməsi, miqrasiya səviyyəsinin artması ilə əlaqədardır.
2018-ci ilin hesablamalarına görə, bu ölkədə xalis miqrasiya əmsalı mənfi olub və hər 1000 nəfərə 5.6 mühacir təşkil edib.
Ermənistandakı ümumi sosial-demoqrafik mənzərə bizə əsaslı olaraq iddia etməyə imkan verir ki, mühacirətin davamlı xarakter alması bu ölkə üçün tükəndirici faktora çevrilə bilər və hazırda həm də çevrilməkdədir. Demoqraflar həyəcan təbili çalaraq bildirirlər ki, Ermənistan “yaşlanır” və bunun əsas səbəblərindən biri də miqrasiyadır.
Ölkədən gedən insanların yaş qrupları üzrə bölgüsünə baxdıqda problemin daha da dərin olduğunu görürük. 2019-cu il dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı millət vəkili Ruzanna Arakelyan Ermənistanın bəzi kəndlərindən böyük sayda mühacirət olduğunu və kəndlərdə artıq gənclərin demək olar ki, qalmadığını söyləyib (Armenpress.am). UNFPA layihə koordinatoru Anna Hovhannisyan bildirirdi: “Ölkədən miqrasiya axını yaş qruplarının tərkibində ciddi kənarlaşmalara səbəb olur”. Son 30 ildəki illik emiqrasiya səviyyəsini nəzərə aldıqda, bu fikirlər təəccüb doğurmur.
Ermənistanda miqrasiya heç də yeni fenomen deyil. Ölkənin müstəqillikdən sonrakı dövrü davamlı olaraq ölkədən miqrant axını ilə xarakterizə olunur. 1990-cı illərdə miqrasiya daha sərt xarakter alıb, bir milyondan çox insan ölkəni tərk edib. Sovet İttifaqının dağılmasından sonra ölkənin üzləşdiyi ağır iqtisadi böhran, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə nəzarətin ələ keçirilməsi uğrunda müharibənin ağır yükü bu illərdə ölkədən miqrasiyanın artmasına səbəb olan əsas amillərdəndir. Müstəqilliyin ilk illərində təqribən 20 faiz əhalinin ölkədən getməsi sosial-iqtisadi və siyasi problemləri daha da dərinləşdirdi.
Miqrasiya və çoxtərkibli diaspora bir tərəfdən Ermənistanın iqtisadi həyatından qaynaqlanır, digər tərəfdən ona ciddi təsir göstərir. Mütəxəssislərin hesablamalarına görə, Ermənistandakı ailələrin üçdə biri miqrantların, xüsusilə mövsümi əmək miqrantlarının evlərinə göndərdikləri pul köçürmələri hesabına yaşayır. Qısamüddətli perspektivdə ölkənin tədiyyə balansı üçün müsbət amil kimi görünsə də, uzunmüddətli perspektivdə xaricdən pul köçürmələrindən bu cür asılılıq ölkənin xarici iqtisadi şoklara qarşı həssaslığını olduqca artırır.
Bundan əlavə, mütəxəssislərin qısamüddətli miqrant ailələri ilə müsahibələri də göstərir ki, pul köçürmələri əsasən gündəlik ehtiyaclar üçün istifadə olunur və əsas qayğı yemək almaq və ailəni saxlamaqdır... Ümumilikdə bu kimi tendensiyalar yavaş-yavaş Ermənistanda istehlak yönümlü iqtisadiyyatın formalaşmasına gətirib çıxarıb.
Digər tərəfdən, erməni diasporunun ölkə iqtisadiyyatına töhfəsi əsasən investisiya və ianələr şəklində həyata keçirilir. Hökumət dünyadakı erməni diasporalarını ölkənin iqtisadi inkişafına töhfə verməyə çağırır ki, bu da mahiyyət etibarilə diasporanın siyasətdə iştirakına gətirib çıxarır. Bu cür iştirakın ölkənin çiçəklənməsi baxımından nə qədər effektiv olması aydın deyil. Ancaq görünən budur ki, artıq miqrasiya hökuməti tənqid etmək istəyən, ölkənin siyasi mənzərəsinə təsir etməyə çalışan siyasi müxalifət üçün aktual mövzuya çevrilir.