23 Oktyabr 2020 17:27
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorizm sözü özündə ekoloji terror ifadəsini də ehtiva edir, lakin heç kim hansı terrorun daha dəhşətli olduğu ilə bağlı mübahisə edə bilməz.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.

Qeyd olunub ki, ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur.

Bildirilir ki, Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun rəsmən Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində olmasına baxmayaraq, son 30 ildə Ermənistanın qanunsuz işğalı altındadır. İşğal nəticəsində təxminən 30 min insan həyatını itirib və 1 milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. O vaxtdan bəri, Ermənistan təbiətə qarşı təcavüzkar davranışlarından da vaz keçməyib. Bununla da, bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub. Ekoloji çöküş hər keçən gün daha da dərinləşir.

Ermənilərin ekoloji terroru Azərbaycanın su idarəetməsi və planlaşdırılması sisteminə də mənfi təsir edib. Daha dəqiq desək, ölkənin bəzi transsərhəd içməli su ehtiyatları və suvarma sistemləri Ermənistanın birbaşa işğalı altındadır və bunlardan həmişə Azərbaycan xalqına qarşı “hərbi silah” kimi istifadə olunur.

Su qıtlığı günümüzdə bütün dünyada və yerüstü su ehtiyatlarının 72,7%-nin ölkə xaricində formalaşan Azərbaycanda da qaynar mövzudur. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirir. Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirklənir.

Bundan əlavə, Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur.

Azərbaycanın hündürlüyünə görə ən yüksək və ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı - Ağdərə bölgəsində (Dağlıq Qarabağ) yerləşən Sərsəng su anbarı da işğal altındadır. Keçmişdə Sərsəng su anbarı Respublikanın 6 rayonunu (Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) suvarma suyu ilə təmin edirdi.

1994-cü ildən başlayan atəşkəsdən sonra Ermənistan tərəfindən bu su anbarını bağlanmışdı. Suvarma kanalları yalnız yaz və payız aylarında süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün açılırdı. Üstəlik, hər hansı texniki səbəbdən yarana biləcək və ya qəsdən törədiləcək təxribat nəticəsində su anbarının daşma ehtimalı çox yüksəkdir. Belə ki, Sərsəng su anbarı gündən-günə regional ekoloji və milli təhlükəsizlik üçün ən böyük təhdid halına gəlir.

Bu terrorun ekoloji və humanitar nəticəsi kimi Azərbaycanın 5 regionu daşqına məruz qala bilər ki, bu da həmin ərazilərdə yaşayan 400 minə yaxın insanın həyatına, eləcə də bioloji müxtəlifliyə təhdid yaradır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər