29 Oktyabr 2020 15:57
3 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

McDonald's-ın Azərbaycan nümayəndəliyinin Feysbuk hesabında Azərbaycan Ordusuna dəstək məqsədi ilə yaydığı postları silməsi azərbaycanlıların narazılığına səbəb olub. Eyni addımı Burgerking şirkəti də atıb. Sosial şəbəkələrdə istifadəçilər tərəfindən hər iki şirkətin boykot edilməsi ilə bağlı paylaşımlar sürətlə yayılır.

Məsələ ilə bağlı Teleqraf.com-a danışan deputat Azər Badamov bildirib ki, bu gün Azərbaycan haqq savaşında kimlərin dost, kimlərin seyrçi olması üzə çıxır: “McDonald's Azərbaycan Ordusuna dəstək postunu öz Feysbuk səhifəsində paylaşıb. Ola bilsin ki, şirkətin rəhbərliyi tərəfindən o postun götürülməsi tapşırığı verilib və onlar da həmin paylaşımı siliblər. Bu, qəbulolunmazdır.

Çünki Azərbaycanda işləyib, gəlir götürən hər hansı bir xarici şirkət bu çətin gündə ölkəmizin yanında olmalıdır. O cümlədən fəaliyyətinin əsas istiqaməti ölkənin siyasətinə dəstək xarakteri almalıdır”.

Deputat Azərbaycan vətəndaşlarının McDonald's və Burgerking şirkətlərinin məhsullarını boykot etməsini düzgün hal hesab edir: “Bir neçə gün bundan əvvəl “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları Fransadakı hökumət ofislərində nümayiş olundu. Fransa Prezidenti Emanuel Makron da açıqlamasında bunu fikir azadlığı kimi qiymətləndirdi və peyğəmbərin karikaturalarını yayımlamağı dayandırmayacaqlarını bildirdi. Bu, əksər müsəlman ölkələrinin Fransa istehsalı olan malların boykot edilməsinə səbəb oldu. Bu gün McDonald's və Burgerking şirkətlərinin bu hərəkətinə qarşı onların məhsullarından imtina aksiyası təşkil olunmalıdır”.

Məsələyə iqtisadçı Rəşad Həsənovun münasibəti fərqlidir. Teleqraf.com-a danışan ekspert insanları soyuqqanlı olmağa çağırıb: “Adıçəkilən şirkətlər transmilli korporasiyalardır və onların çox böyük biznes maraqları var. Bu məsələdə ehtiyatlı davranmaları anlaşılandır”.

İqtisadçı biznesin siyasiləşdirilməsini doğru hesab etmir: “Ola bilər, onlar həyəcanlanıb müəyyən post paylaşıblar. Buna görə onlara minnətdar olmaq lazımdır ki, əslində bizi dəstəkləyiblər. Sonradan hansısa təzyiqlər qarşısında geri çəkiliblərsə, bunu da başa düşməliyik. Düşünmürəm ki, bu prosesi hansısa formada genişləndirib ciddi bir problem halına gətirməli, o şirkətlərə qarşı rəsmi tədbirlərin görülməsinə sövq etməliyik... Beynəlxalq hüquqda biznes subyektlərinin, transmilli şirkətlərin hər hansı bir ölkənin siyasətini dəstəkləməsi kimi məcburi bir yanaşma yoxdur”.

Rəşad Həsənov hesab edir ki, bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi bizim xeyrimizədir: “Onlar azdan-çoxdan Azərbaycana kapital qoyublar. Düşünmürəm ki, bu proses onların Azərbaycandan çıxıb getməsinə gətirib çıxaracaq. Tənqidin olması başadüşüləndir. İnsanlarımız haqlıdırlar, o baxımdan ki, reallığın yanında olmaq hər kəsin öhdəliyidir. Amma dünyanın özünün də reallıqları var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər