Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft istehsalı oktyabrda əvvəlki aya nisbətən 322 min barel artaraq 24 milyon 386 min barelə çatıb.
Teleqraf.com xəbər verir ki, OPEC-in Neft Bazarı hesabatına görə, oktyabrda qlobal neft tədarükü gündəlik 580 min barel artaraq 91 milyon 170 min barel olub.
Qeyri-OPEC ölkələrdə neft hasilatı keçən ay gündəlik 250 min barel artaraq 66 milyon 790 min barel səviyyəsinə çatıb. OPEC-in hasilatının artması ilə qlobal neft hasilatındakı payı oktyabr ayında 26,7 faizə yüksəlib.
Sözügedən dövrdə OPEC daxilində xam neft istehsalı ən çox Liviya, İraq və Nigeriyada artarkən, ən böyük azalma Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) görüldü.
Liviyada gündəlik istehsal oktyabr ayında 299 min barel artıb, İraqda 148 min, Nigeriyada 47 min barel, BƏƏ-də isə 74 min barel azalıb.
Qlobal neft tələbatı 2021-ci ildə artacaq
Hesabata görə, qlobal neftə tələbat əvvəlki ilə nisbətən 9 milyon 750 min barel azalaraq gündəlik təxminən 90 milyon 10 min barel olacaq. OPEC-in xam neftinə olan tələbatı isə gündəlik 7 milyon 200 min barel azalaraq təxminən 22 milyon 100 min barelə çatacaq.
Gələn il isə qlobal neft tələbi bu ilə nisbətən 6 milyon 250 min barel artacaq və gündəlik təxminən 96 milyon 260 min barelə çatacaq. 2021-ci ildə OPEC-in xam neftə olan tələbatı isə 5 milyon 200 min barel artaraq gündəlik təxminən 27 milyon 400 min barelə çatması gözlənilir.
Digər tərəfdən, dünyada qazma qurğularının sayı əvvəlki aya görə oktyabr ayında 2 ədəd azalaraq 1135-ə enib. Bu qurğuların 325-i OPEC-ə üzv ölkələrdədir.