Dünyanın aparıcı texnoloji şirkətlərindən biri olan “Apple” köhnə telefon modellərinin ömrünü bilərəkdən qısaltdığı üçün istehlakçılara verdiyi zərərə görə, təzminat ödəməyə razı olub.
Teleqraf.com xəbər verir ki, qərarı Kaliforniya Baş prokuroru Xavier Becerra açıqlayıb.
O bildirib ki, sözügedən iddiaya dair şirkətlə uzlaşma əldə edilib.
“Əldə edilən razılaşmaya uyğun olaraq “Apple” 113 milyon dollar təzminat ödəyəcək”.
Şirkət yavaşlamaları cihazlarda "gözlənilməz dayanmaların qarşısını almaq" üçün etdiyini bildirib. Mütəxəssislər isə şirkətin bunu istehlakçıları yeni modellərə təşviq etmək üçün etdiyini iddia ediblər.
Şirkət mart ayında da oxşar məsələ ilə əlaqədar açılan başqa bir məhkəmə iddiasını həll edərək 500 milyon dollar təzminat ödəməyi qəbul etmişdi.
“Apple”in 2017-ci ildə etdiyi proqram yeniləməsi köhnə “iPhone” modellərinin performansını azaltmışdı və şirkət bu iddiaları da qəbul edib.