"Fitch Ratings" beynəlxalq agentliyi bu il qlobal ümumi daxili məhsulun (ÜDM) azalması üzrə proqnozunu yaxşılaşdıraraq, gözləntilərini 4,4 faizdən 3,7 faizə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə agentliyin "Global Economic Outlook" hesabatının dekabr buraxılışında məlumat açıqlanıb.
Bunun əsas səbəbləri kimi COVID-19-a qarşı peyvəndlər barəsində nikbin xəbərlər və ölkə iqtisadiyyatlarının gözləniləndən daha az təsirlənməsi göstərilir.
Bundan əlavə, agentlik 2021-ci il üçün iqtisadi artım üzrə gözləntilərini 5,2 faizdən 5,3 faizədək yüksəldib. 2022-ci ildə isə "Fitch" qlobal iqtisadiyyatın 4 faiz (sentyabr proqnozu 3,6 faiz) artacağını güman edir.
Dünyanın nəhəng iqtisadiyyatları sayılan Çin, ABŞ və Avrozona üzrə 2021-ci il üçün proqnozlar da dəyişib. Agentliyin dekabr proqnozlarına əsasən, 2021-ci ildə ABŞ-da ÜDM 4,5 faiz (əvvəlki proqnoz 4 faiz artım), Çində isə 8 faiz (əvvəlki proqnoz 7,7 faiz) artacaq.
Avrozona üzrə proqnoz 5,5 faizdən 4,7 faizə endirilib. Bu qərarın səbəbi olaraq bölgədəki karantin tədbirlərinin qış aylarında davam edə biləcəyi göstərilir.