Azərbaycanda 2021-ci ilin dövlət büdcəsinin təsdiqi ləngiyir. Ehtimal olunur ki, gələn ilə dövlət büdcəsi təsdiq edilmədən daxil olunacaq.
Telqraf.com-un xəbərinə görə, iqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, büdcə layihəsi oktyabrın 15-dək parlamentə təqdim edilməli, dekabrın 20-dək qanunverici orqan onu təsdiqləməli idi:
“Aydındır ki, hər 2 təqvim pozulub. Amma "Büdcə sistemi haqqında" Qanun yaranmış fors-major stiuasiyaları sığortalayır. Qanunun 15.4-cü maddəsinə görə, növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində (müdafiə olunmuş xərc maddələri üzrə tam) maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir.
Həmçinin eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir.
Eyin zamanda, həmin qanunun təsdiqilə bağlı prezident fərmanının 2-ci maddəsinə əsasən, müvəqqəti maliyyələşmənin aparılması qaydasının müəyyən edilməsi dövlət başçısının slahiyyətinə aiddir.
Yəni bu müddəalar göstərir ki, nəzəri və hüquqi olaraq gələn ilə büdcə təsdiq edilmədən də daxil olmaq mümkündür”.
İqtisadçı-ekspert Rəşad Həsənov Teleqraf.com-a açıqlamasında büdcə təsdiqinin bu il baş tutacağını gözləmədiyini deyib: “Məndə olan məlumata görə, hökumət bu istiqamətdə təcili şəkildə müəyyən addımlar atmağa çalışır. İlin başa çatmasına az bir müddət qalıb. Büdcənin ictimai müzakirəsinin təşkili qısa müddətdə baş tutacaq.
Amma bir məsələni qeyd edim, Azərbaycanda ictimai müzakirə nə dərəcədə əhəmiyyətlidir?! Nə vaxt cəmiyyət hansısa formada büdcə prosesinə müdaxilə edə bilib və yaxud da cəmiyyətin rəyi nəzərə alınıb?! Parlamentdə belə müzakirələr müəyyən çərçivə daxilində keçirilir. Təbii ki, demokratik institutların olması baxımından bu, çox vacib məsələdir. Amma indiki halda formal müzakirələrin təşkilinə vaxt sərf etməyin o qədər də böyük əhəmiyyəti yoxdur”.
Analitik hesab edir ki, hökumət dekabrın 31-nə qədər büdcəni təsdiq etməyə çalışacaq: “Əgər büdcə təsdiq olunmasa, böyük ehtimalla bu prosesi növbəti ilin yanvar ayında tamamlamağa çalışacaqlar. Bu zaman büdcənin icrasında müəyyən gecikmələr baş verir.
Ümumiyyətlə, yanvar ayı ilin başlanğıcı olduğu üçün tətillər də nəzərə alınmaqla büdcə transfertlərinin həyata keçirilməsində və ayırmaların edilməsində gecikmələr baş verir. Həmin dövr üçün bir boşluq yaranır. Bu baxımdan hesab edirəm ki, mövcud qanunvericiliyin imkan verdiyi şərtlər daxilində xərcləmələrin həyata keçirilməsi çox da ciddi risk, təhlükə yaratmayacaq.
Onu da nəzərə almaq lazımdır ki, ölkə yanvar ayının 18-nə qədər karantin rejimindədir. Onsuz da iqtisadi aktivlik minimuma düşüb. Yəni hazırda pul kütləsinin bazara daxil olması, iqtisadi aktivliyi və məcmu tələbi dəstəkləməsi, ümumi daxili məhsul (ÜDM) istehsalı və sair məsələlər az əhəmiyyətli parametrlərə çevrilib. Hökumətin tətbiq etdiyi karantin tədbiri yanvar ayı üçün müvafiq mühiti tamamilə neytrallaşdırıb. Doğrusu bu prosesdə ciddi risk, təhlükə görmürəm”.