24 Dekabr 2020 19:54
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin başa çatmasına sayılı günlər qalıb. Ekspertlərin rəyinə görə, bu il Azərbaycan iqtisadiyyatı daralma ilə yadda qalıb. Mövcud vəziyyətin növbəti ildə də davam edəcəyi proqnozlaşdırılır.

İqtisadçı Xalid Kərimli 2020-ci ilin iqtisadi yekunları ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Xalid bəy, cari ildə Azərbaycan iqtisadiyyatı nə ilə yadda qaldı?

- Bu il Azərbaycan iqtisadiyyatı üçün heç də asan keçmədi. Ümumiyyətlə, 2020-ci ilin tək Azərbaycan üçün deyil, dünya iqtisadiyyatı və ticarəti üçün də çox ağır il olduğunu demək olar.

Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 2020-ci ildə 4,4 faiz azalacağını proqnozlaşdırır. Müşahidə olunan böhran milli iqtisadiyyatdan da yan keçməyib. 2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 4,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdu. Bu azalma qeyri-neft və qaz sektorunda 2,9 faiz, neft-qaz sektorunda isə 6,5 faiz daralma şəklində təzahür etmişdi.

Neftin orta qiymətinin ilin əvvəli ilə müqayisədə 36 faiz aşağı düşməsi ölkənin valyuta gəlirlərinin kəskin azalmasına səbəb olub. Bu azalmalara baxmayaraq ölkədə makroiqtisadi maliyyə sabitliyi və inflyasiya nəzarət altında saxlanılıb. Karantinlə əlaqədar qeyri-rəsmi məşğulluq ciddi surətdə aşağı düşüb ki, bu da əhalinin gəlirlərini mənfi təsir göstərib.

Ümumi şəkildə bu ili gəlirlərin aşağı düşməsi və faktiki işsizliyin miqyasının artması kimi xarakterizə etmək olar.

- Pandemiya ilə əlaqədar iqtisadi durğunluq davam etdi. Müstəqil ekspertlər ili kənd təsərrüfatı, bank, eləcə də qeyri-neft sektorunun başqa-başqa sahələrinin inkişafı baxımından əlverişli hesab etmir. Bu sahələrdə iqtisadi nəticələri necə qiymətləndirirsiz?

- Ümumiyyətlə, pandemiya və onunla mübarizə üsulu kimi tətbiq olunan karantin ümumi rifah halını pisləşdirdiyindən tək qeyd etdiyiniz sahələr deyil, elə neft-qaz sektoru üçün də əlverişsizdir. Neft qiymətlərinin kəskin enməsi bu sahədə yaradılan dəyərin əhəmiyyətli azalmasına səbəb oldu. Pandemiyanın qeyri-neft sektoruna təsirinin neqativ tonunu aşağıdakı amillərlə izah etmək olar:

- Qeyri-müəyyənliyin artması investisiya qoyuluşlarına və xərcləmələrə mənfi təsir göstərir. İş yerinin itirəcəyi qorxusu alıcıların alış davranışını dəyişir, ehtiyatlı olmağa və xərcləri təxirə salmağa meylləndirir. Bu isə öz növbəsində iqtisadi aktivliyə təsir edir.

- İşin təşkilində olan çətinliklər: hətta fəaliyyət icazəsi olan sahələrin belə işin təşkilində çətinliklərlə qarşılaşdığını müşahidə etmək olar. Xəstəliyə qarşı emosional həssaslığın artması və potensial şübhəlilərdə xəstəliyin mövcudluğu və aşkarlanması üçün minimum iki həftənin tələb olunması işlərin təşkilində çətinliklər yaradır.

- Satışların yerində təşkilinə qadağalar istehsalına icazə verilmiş sahələrin belə normal fəaliyyətinə mane olur.

- Fəaliyyəti qadağan olunmuş sahələrdə onlayn satışlara icazə verilsə də, hərəkət məhduiyyəti anbar-çatdırılma işlərinin qurulmasına mane olur.

- Çatdırılma rəvanlığının pozulması, eləcə də çatdırılma müddətinin kəskin azalması və qeyri-müəyyənliklər resursların düzgün idarə olunmasına mane olur və xərcləri artırır.

Qeyd etdiyimiz və etmədiyimiz amillər həm də qeyri-neft sektorunda vəziyyətin mürəkkəbləşməsinə təsir göstərən amillərdir. Maliyyə-bank sektoru real sektorla birbaşa əlaqə və təsirdə olduğuna görə real sektorda baş verənlər ona da təsir göstərir. Əhalinin və sahibkarların gəlirlərinin aşağı düşməsi həm bankların yeni satışları üçün əlavə çətinliklər və risklər yaradır, həm də alacaqlarının toplanmasını pisləşdirir.

- Pandemiya dönəmində kənd təsərrüfatı istisna, əksər istehsal sahələrinin fəaliyyəti dayandırıldı. Bu nöqteyi-nəzərdən bu il kənd təsərrüfatında vəziyyət necədi?

- Doğrudur, kənd təsərrüfatı sərt karantin rejimlərindən kənarda qalsa da, pandemiya bu sektora da təsirsiz ötüşmədi. Əgər pandemiya qarmaqarışıqlığı olmasaydı bu sahədə 11 aylıq iqtisadi artım 2 faiz deyil, daha çox olardı.

Xatırladım ki, kənd təsərrüfatında 2019-cu ilin 11 ayında artım göstəricisi 7 faizdən çox idi. Kənd təsərrüfatında da insanların hərəkət məhdudiyyətləri ilə əlaqədar işlərin təşkili və satış kanallarının qeyri-stabil işləməsinin gətirdiyi özünəməxsus çətinliklər müşahidə olundu. Əhalinin ümumi alıcılıq qabiliyyətinin aşağı düşməsi, restoran və şadlıq saraylarının işləməməsi kənd təsərrüfatı məhsullarına tələbatı kəskin aşağı saldı.

Kənd təsərrüfatı emal müəssisələrinin satışlarının aşağı düşməsi isə onların fermerlərə verdikləri sifarişlərin əhəmiyyətli azalmasına səbəb oldu.

- Ölkədə işsizlik səviyyəsini necə dəyərləndirirsiz?

- Ümumiyyətlə, nəzəri olaraq da tam məşğulluq mümkün deyil. Cəmiyyətdə müvəqqəti, ixtisas dəyişmək məqsədilə və ya könüllü işsizlik həmişə mövcuddur. Lakin iş yerlərinin və ləyaqətli iş yerlərinin olmaması səbəbindən yaranan işsizlik ciddi sosial sıxıntılara səbəb olur.

2020-ci ildə iş yerlərinin leqallaşdırılması, müvəqqəti sosial xidmətlər üçün dövlət sektoruna cəlb olunma, müharibə vəziyyəti ilə əlaqədar hərbi sənayede müvəqqəti əlavə iş yerlərinin yaradılması səbəbindən 84 min yeni iş yeri yaradılsa da, karantinlər nəticəsində, xüsusən də qeyri-rəsmi sektorda çalışanların iş yerlərinin itirilməsinə səbəb oldu. Bu şəxslərin rəsmi qeydiyyatda olmaması, dövlətdən pandemiyanın zərərlərinin aradan qaldırılması məqsədilə özəl sektora etdiyi yardımlardan onları mərhum etdi.

Eyni zamanda qeyd olunmalıdır ki, dövlətin karantin məhdudlaşdırmaları ilə əlaqədar şirkətlərə verdiyi əməkhaqqı kompensasiyaları iş yerlərində ciddi ixtisarın qarşısını alıb. Lakin bu yardımdan yararlana bilməyən biznes strukturları iş yerlərini tədricən azaltmaq məcburiyyətində qaldılar. İş yerlərini kəskin ixtisar edərək dövlətin diqqətini cəlb etmək istəməyən sahibkarlıq subyektləri bəzən çıxış yollarını işçilərin öz hesabına məzuniyyətə göndərməklə, əməkhaqqı ödənişindən yayınmaq üçün iş günləri yazmamaqla gizli işsizliyə rəvac verdilər.

- 2020-ci il Azərbaycan tarixinə Zəfər ili, topraqlarımızın işğaldan azad olunduğu il kimi düşdü. Müharibənin ölkə iqtisadiyyatına nə kimi təsirləri oldu?

- Müharibənin qısa müddətli olması və zəfərlə yekunlaşması ümumi psixoloji vəziyyətə müsbət təsir göstərib, iqtisadiyyatın gələcəyi haqda pozitiv gözləntilər formalaşdırıb. Dövlətin Qarabağın bərpası ilə əlaqədar böyük investisiya layihələrini maliyyələşdirəcəyi və stimullaşdıracağını nəzərə alsaq bunun ümumi iqtisadi canlanmaya rəvac verəcəyini gözləmək olar.

Növbəti ilin büdcə layihəsində Qarabağın yenidən qurulması məqsədilə 2,2 milyard manatın ayrılıb. Müxtəlif mənbələrdən, o cümlədən özəl investisiyalar hesabına bu regiona əlavə investisiyaların qoyulacağını nəzərə alsaq, onda yaxın gələcəkdə bu yatırımların iqtisadi inkişafın əsas lokomotivi olacağını qeyd etmək olar. Müharibənin qısa müddət davam etməsi iqtisadiyyata mənfi təsiri minimuma saldı.

Lakin təbii ki, müharibə dövründə diqqətin cəbhəyə yönəlməsi həm investisiya layihələrini ləngitmiş, həm də istehlakçı davranışına və xərcləmələrinə mənfi təsir göstərmişdi. Müharibə hərbi-sənaye kompleksi üçün əlavə tələbin formalaşması baxımından müsbət məqam olsa da, digər sektorlara mənfi təsir edir.

- Maraqlıdır, bu il qeyri-neft sektoruna yönələn investisiya qoyuluşlarının həcmini əvvəlki illərlə müqayisədə necə dəyərləndirmək olar?

- Müsahibənin əvvəlindən qeyd etdiyimiz məsələlər ümumi investisiya qoyuluşlarına da neqativ təsir göstərib. 2020-ci ilin yanvar-noyabr aylarında iqtisadiyyata yatırılan investisiya ötən illə müqayisədə 4,0 faiz, qeyri neft-qaz sektoruna qoyulan investisiya isə 11,0 faiz az olub.

Pandemiya şəraitində şirkətlər mövcud istehsal güclərini işlətməyin qayğısına qalıb və yeni investisiya layihələrindən çəkiniblər. Bu da anlaşılan məsələdi. Bütün dünyanı əhatə edən pandemiya həm də milli şirkətlərin partnyorlarının işinə mənfi təsir edib, ümumi dəyər zəncirinin pozulmasına səbəb olub. Sifarişlərin gec icra olunması isə həyata keçirilən layihələrin nəzərdə tutulan surətdə davam etməməsinə gətirib çıxarıb.

- 2020-ci ildən fərqli olaraq 2021-ci ildə iqtisadi gözləntiləri necə proqnozlaşdırmaq olar?

- 2021-ci il bütün parametrləri ilə daha yaxşı il olmalıdır. Həm hökumətin, həm də beynəlxalq təşkilatların ölkə iqtisadiyyatının artacağı ilə bağlı fikirləri oxşardır.

Hökumətin kəsirli büdcə və Mərkəzi Bankın ucuz pul siyasəti tədbirləri növbəti ildə iqtisadi artımı dəstəkləmək məqsədi güdür. Neft qiymətlərinin 55 dollar ətrafında stabilləşəcəyinə dair investisiya banklarının verdiyi proqnoz növbəti il üçün makroiqtisadi sabitliyin qorunacağına dair pozitiv gözləntilər formalaşdırır.

İkinci rübdən etibarən COVID-19 pandemiyası əleyhinə kütləvi vaksinasiyanın başlanması isə karantinlərin yenidən tətbiq olunmayacağına dair əsaslı fikirlər formalaşdırır. Növbəti il üçün nəzərdə tutulan investisiya layihələrinin şəffaf şəkildə reallaşdırılması isə ümumi iqtisadi fəallığı artıracaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər