Çinin Dövlət Bazarlarına Nəzarət və Tənzimləmə İdarəsi (SAMR) elektron ticarət saytı “Alibaba”ya qarşı istintaq başladıb.
Teleqraf.com xəbər verir ki, SAMR “Alibaba”nın şübhəli inhisar fəaliyyətinin araşdırıldığını qeyd edib.
İstintaq çərçivəsində şirkətə bağlı olan "Ant Grup" maliyyə təşkilatının rəhbərləri də ifadə verməyə çağrılıb.
“Ant Grup”dan verilən açıqlamada, bazar tənzimləyicisi SAMR ilə əməkdaşlıq ediləcəyi bildirilib.
SAMR-in bu addımı hakim Çin Kommunist Partiyasının (ÇKP) sürətlə böyüyən texnoloji sahəni idarə etmək səyi kimi yozulur. Lakin partiyanın xüsusən bu sahədəki inhisara qarşı mübarizədə təşəbbüslərini artıracağı gözlənilir.
Çin rəsmiləri “Alibaba”nın “Ant Group” üçün planlaşdırdığı 37 milyard dollarlıq kütləvi dəyər təklifini keçən ay dayandırmışdı.
SAMR dekabrın 14-də “Alibaba” və “Tencent Holdings”ə bəzi alış-veriş zamanı təsdiq istəmədiyinə görə hər birinə 76 min 500 dollar cərimə cəzası tətbiq edib.
“Alibaba”nın qurucusu Cak Ma 59 milyard dollarlıq sərvəti ilə Çinin ən zəngin təşəbbüskarı kimi fərqlənir.