Böyük Britaniyanın Breksit razılaşmasından dərhal sonra Türkiyə ilə azad ticarət haqqında saziş imzalaması, iki ölkə arasında əlaqələrin güclənəcəyinə və əməkdaşlığın genişlənəcəyinə işarədir.
Bunu Teleqraf.com-a ötən gün Türkiyə ilə İngiltərə arasında imzalanan Azad Ticarət Sazişini şərh edərkən iqtisadçı Xalid Kərimli deyib.
Analitik deyir ki, Böyük Britaniya intensiv surətdə Avropa İttifaqından sonrakı dövrə hazırlaşır və ölkələrlə birbaşa ikitərəfli iqtisadi və ticari müqavilələr bağlayır:
“2019-cu ildə Böyük Britaniya və Türkiyə arasında ümumi ticarət dövriyyəsi təxminən 25 milyard dollar olub. Birləşmiş Krallıq bazarı Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir və ixracatında ikinci yeri tutur. Türkiyə Böyük Britaniyaya əsasən qiymətli metallar, maşınlar, tekstil məhsulları və elektrik avadanlıqları ixrac edir.
Birləşmiş Krallıq isə öz növbəsində Türkiyəyə maşın, polad, dəmir ixrac edir. Türkiyə şirkətləri Britaniyanın avtomobil və istehsal dəyər zəncirinin əhəmiyyətli oyunçularındandır. Bağlanmış müqavilə həm post-Breksit dönəmində bizneslər üçün qeyri-müəyyənliyi aradan qaldırır, həm də əməkdaşlığın genişləndirilməsi üçün yeni üfüqlər açır”.
Xalid Kərimlinin fikrincə, razılaşma hər iki ölkə üçün əhəmiyyətli və qarşılıqlı faydalıdır: “Böyük Britaniyanın Avropa İttifaqından ayrılması bu ölkənin yaxın gələcəkdə qlobal arenada yenidən fərdi və aparıcı siyasət həyata keçirəcəyini göstərir. Türkiyə və Britaniya arasındakı əlaqələrin daha da yaxşılaşması ölkəmiz üçün də əlverişlidir və məqsədəuyğundur.
Bilirik ki, müasir dövrdə iqtisadi əlaqələr siyasi münasibətlərin əsasını təşkil edir və onu təyin edir. Əsas müttəfiqimizin Birləşmiş Krallıq kimi əhəmiyyətli dövlətlə əlaqələrini yaxşılaşdırması region üçün də faydalıdır. İki ölkə arasında bağlanılmış Azad Ticarət Sazişinin yaxın iki ildə xidmət və kənd təsərrüfatına da şamil ediləcəyi gözlənilir”.