“2021-ci lin ilk 3-4 ayı “vaksin” sözü altında keçəcək, hətta yeni “vaksin müharibələri” görəcəyik. ABŞ, Avropa, Çin, Rusiya vaksin yarışına girib, öz əhatə dairəsini məhz peyvəndləmə ilə genişləndirməyə çalışacaqlar. Söhbət hansı vaksinin effektli olub-olmamasından çox, hansı ölkə hansı güc mərkəzinə loyallıq göstərməsindən gedəcək. İnsanların peyvəndlənməsi fonunda əvvəl virusa münasibət, onun media təqdimatı dəyişəcək, daha sonra ümumiyyətlə, pandemiya ləğv olunacaq”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli yeni ildə gözləntilərdən danışarkən deyib.
Ekspert hesab edir ki, ABŞ-da Co Bayden and içib işə başlayandan sonra Amerikada yeni gündəm formalaşmağa başlayacaq: “Demokratların hakimiyyətə dönməsi həm də bir məsələyə görə önəmli idi ki, dünyada əzəli dəyərlərin yenidən gündəm olmasına, “yaşıl iqtisadiyyat”, ekologiya məsələsinin önə çıxmasına səbəb olacaq. Amma böyük ehtimalal bütün məsələlərdə Baydendən daha çox Kamala Harris önə çıxacaq və 4 illik Demokratlar hakimiyyəti məhz o xanım prezident kimi tamamlayacaq.
Köhnə-yeni komanda Avropa İttifaqı, Çin, Rusiya və İranla yeni münasibətlər təsis etməyə çalışacaq. İranla daha asan anlaşmaya getsələr də, Çinlə asan olmayacaq, çox güman, yeni prinsiplər üzrə anlaşma lazım gələcək.
Rusiyaya qarşı isə münasibət sərtləşəcək və burada Çinin tutacağı mövqe rəsmi Pekinə münasibətlərin formalaşmasında önəmli rol oynayacaq”.
Analitik qeyd edib ki, Breksitdən sonra Avropa İttifaqı siyasəti dəyişməyə məcburdur: “Əgər Breksit Britaniya üçün daha uğurlu və dividentli olacaqsa, bu, pis örnək, president yarada, bəzi Aİ ölkələrində yenidən mərkəzdənqaçma addımlarını sürətləndirə bilər. Bunun üçün Aİ daha cəlbedici və böhranlara adekvat, tez və doğru reaksiya verən mərkəzə çevrilməlidir.
Ümumiyyətlə, Aİ gələcəkdə iki “liqaya” - yüksək və birinci “divizion” ölkələrinə bölünə bilər. Çünki inkişaf və dəyərlər Aİ ərazisində belə çox fərqlidir deyə, birgə qərarların alınıb həmən tətbiq edilməsi prosedur çətinliklərdən başqa, inkişaf səviyyəsinə də dirənir.
Breksitdən sonra Böyük Britaniya - “üzərində günəş batmayan” imperiya daha rahat və çevik qərarlar almağa başlayacaq. Yeni ittifaq quruculuqlarının təşəbbüskarına, ayrıca müstəqil oyunçuya çevrilə bilər. Britaniyanın yeni maraqlı “dördbucağın” – Britaniya, Türkiyə, Ukrayna və Azərbaycan formatının moderatoru olması mümkündür ki, bu da “dördbucaq” ölkələri üçün həm yeni fürsətlər, həm də yeni çağırışlar yaradar”.
Natiq Cəfərlinin sözlərinə görə, Rusiyanın son 5 ildə aqressiv xarici siyasətinin təməl səbəbi daxili sistem problemləri, əhalinin diqqətini daxildəki problemlərdən xaricə yönəltməkdir: “Dünyanın ərazi olaraq ən böyük, resurs olaraq ən zəngin ölkəsi hələ də böyük dövlət, imperiya olmağı ərazi genişliyi ilə ölçür, öz gücünü aqressiv böyümədə görür. Amma bu yolun dalan olduğu da görünür deyə, Kreml “yumşaq güc” elementlərini daha da artıraraq yaxın çevrəsində olan ölkələrə təzyiq kimi tək “zopadan” yox, həm də siyasi-ictimai proseslərə müxtəlif alətlərdən istifadə edəcəyi aşkar görünür”.
Ekspertin fikrincə, Türkiyənin iqtisadi və hüquqi problemləri həddən artıq çoxalıb: “Ərdoğan 2021-ci ili hüquqi və iqtisadi islahatlar ili elan edib. Bu, çox yaxşıdır, məncə, bunun Azərbaycana da pozitiv təsirləri olacaq. Ümumiyyətlə, elə bir vəziyyət yaranıb ki, Türkiyənin məmləkətimizə təsir imkan və resursları artıb, bunun pozitiv tərəflərindən istifadə etməli, neqativ tərəflərini isə neytrallaşdırmağı bacarmalıyıq. Amma görünən odur ki, qardaş ölkədə “post-Ərdoğan” dönəminə də ciddi hazırlıqlar gedir, yeni partiyalar və güc mərkəzlər formalaşır. Məncə, əsas məqam isimlər üzərindən deyil, sistem üzərindən seçimə yönələcək. Görünən odur ki, yenidən güclü parlamentar sistemə keçid istəyən qüvvələrin koalisiyası yaranacaq və sonda məhz bu istiqamət qalib gələcək”.
Natiq Cəfərli İranda iqtisadi, sosial və sistem problemlərinin xeyli artdığı qənaətindədir: “İran ciddi açılıma “hamilədir”. Tramp komandasının 4 illik sərt sanksiya rejimi effekt vermədi, tam tərsi, İranın Rusiya və Çinlə yaxınlaşmasına səbəb oldu. Çox güman, Bayden administrasiyası 2021-ci ildə yeni, qəbuledilən şərtlərlə “böyük 6-lıq” sazişinə geri dönüb İranla yeni münasibətlər qurmağa çalışacaq. İsraildə 23 mart 2021-ci ildə baş tutacaq yeni seçkilərdən sonra bu iş daha sürətlə gedəcək. İranın açılması bölgəmiz üçün yeni iqtisadi fürsətlər yaradacaq ki, Azərbaycan burada önəmli “qapı” rolunu oynaya bilər”.
Mütəxəssis 2020-ci ilin Azərbaycan üçün həm çox ağır, həm də çox düşərli il olduğunu deyib: “Şəhid və qazilərimizin qəhrəmanlığı bizə möhtəşəm hərbi qələbə bəxş etdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Hərbi qələbənin siyasi, diplomatik, iqtisadi, sosial üstünlüyə, böyük uğura çevrilməsi üçün 2021-ci il çox mühim il olacaq. Doğru təməllər atılmalı, düzgün qərarlar verilməlidir.
Hərbi qələbə insanımızı sevindirsə də, vətəndaşların sosial vəziyyətinin ağırlaşması, kasıblığın və işsizliyin artması, alıcılıq qabiliyyətinin aşağı düşməsi kimi köklü problemləri qalmaqdadır. İqtisadi çətinliklər heç yerə itib-getməyib, tam tərsi, daha da kəskinləşib.
Yaranmış yeni əlverişli geosiyasi və hərbi üstünlüklərin böyük qazanca çevrilməsinin artıq tək yolu qalıb – sistem dəyişikliyi. Yeni konstitusiya, bundan doğacaq yeni “oyun qaydaları”, idarəetmənin təkmilləşdirilməsi artıq olmazsa-olmazdır. Çünki iqtisadi və sosial problemlərin kökündə duran məsələ siyasidir – iradəetmə fəlsəfəsi və üsulu dəyişməlidir ki, iqtisadi islahatlar mümkün olsun”.