“Moskva görüşündə diqqətdə saxlanan əsas məsələ regionda kommunikasiyaların açılması oldu. Bu məsələdə hər bir tərəfin öz maraqları var”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatı şərh edərkən deyib.
O bildirib ki, Rusiya uzun illərdir Ermənistanla quru yol əlaqəsində problem yaşayır və bu məsələdə Gürcüstandan tam asılı vəziyyətdədir: “Öz hərbi bazalarının təchizatı üçün hava yolu çox bahadır, sərfəli deyil, çünki yük həcmi böyükdür. İndi Azərbaycan üzərindən Ermənistana dəmir yolu ilə istədiyi yükü göndərib qəbul edə biləcək”.
İqtisadçının sözlərinə görə, Azərbaycanın marağı Naxçıvanla əlaqələrin bərpa olunmasıdır:
“Deməli, bu məsələdə İrandan asılılıq azalacaq, həm də Türkiyə-Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq. Bura Avropa və ya Britaniyanın Türkiyə üzərindən Orta Asiya yolunu da əlavə etsək, mənzərə tam olur. İran da dünyaya açılacaq, bu mənada Azərbaycan İrana yatırım və bu ölkənin özündən yükdaşımalarının qapısı rolunu oynaya biləcək. Siyasi anlamda isə türk cümhuriyyətlərinin əlaqəsi yaranır”.
Ekspert deyir ki, Ermənistanın marağı iqtisadi və logistik blokadadan çıxmaq, Türkiyə ilə sərhədləri açmaqdır: “Ermənistanın dünyaya açılmağının yolu Türkiyədir. Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycandan keçir, başqa alternativ yoxdur”.
Natiq Cəfərli hesab edir ki, Naxçıvan (Mehri) dəhlizinə tam nəzarəti Rusiyanın etməsi müəyyən diskomfort yaradır: “Amma bunun neytrallaşdırma yolu da var. Rusiya-Ermənistan dəhlizinə də Azərbaycan nəzarət edəcək. Əgər Kreml o dəhlizin normal işləməsinə mane olacaqsa, əvəzində Rusiya-Ermənistanın dəhlizində maneələr görəcək.
Biz hər fürsətdə sülhdən danışmalı, sülh quruculuğuna vurğu etməliyik. Çünki hərbi qələbə və üstünlük bizim tərəfdədir. İqtisadi, coğrafi, demoqrafik üstünlük də bizdədir. Bunlardan ağılla istifadə etsək, normal, işlək sistem, hüquqi dövlət qura bilsək tarixi üstünlük də bizdə olacaq”.