23 Oktyabr 2014 19:25
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Teleqraf.com-un məlumatına görə, oktyabrın 23-də bu istiqamətdə növbəti tədbir Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində keçirilib.

Tədbirdə Binəqədi rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub. Sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin və tikiş sexinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.


Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 910 investisiya layihəsinin maliyyələşdirilməsinə 202,2 milyon manat güzəştli kredit verilib. İcraçı direktorun sözlərinə görə, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 7000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 34 sahibkara 1,8 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, un məmulatları, qapı-pəncərə, mebel istehsalı, müasir istixana kompleksin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək.

Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4545 sahibkara 245,8 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində güzəştli kredit ayrılmış müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsal edən müəssisənin fəaliyyətinə baxış keçirilib. İldə 30 min ton PVC tərkibli yarımfabrikatlar istehsal etmək gücündə olan bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, Fond tərəfindən son illər müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 65,4 milyon manat güzəştli kredit verilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər