5 Fevral 2021 12:19
6 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla qısa müsahibəni təqdim edirik:

- Rəşad müəllim, yaşa görə pensiya təyin edilən zaman stajı olmayan şəxsə nə qədər pensiya müəyyən olunur?

- “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda onlara pensiya təyin olunur.

Digər tərəfdən, 2019-cu ilin əvvəlindən sosial təminat sistemində humanist yanaşma olaraq, sığorta stajı amnistiyası tətbiq olunub. Yəni yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara pensiya hüququ yaranması üçün tələb olunan qədər sosial sığorta stajı hədiyyə edilməklə avtomatik əmək pensiyası təyin edilir.

- Pensiya yaşı çatmış şəxsin pensiya kapitalı nə qədər olmalıdır?

- 25 il sığorta stajı və pensiya təminatına imkan verməyən pensiya kapitalı olmadıqda da vətəndaş dövlətin sosial təminat sistemindən kənarda qalmır. 2020-ci ilin əvvəlindən qüvvəyə minən qanuna əsasən, yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Yəni pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxs digər sosial təminat növü olan yaşa görə müavinətlə təmin olunur.

- Tələb olunan pensiya kapitalı toplanmadıqda şəxsin pensiya təminatı necə həll olunur?

- Pensiya hüququ yaranması üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 28800 manatdan az olmamalıdır. Əgər vətəndaşın fərdi hesabın sığorta hissəsindəki kapital həmin məbləğdən azdırsa, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən o, çatışmayan məbləği əlavə olaraq xüsusi hesaba ödəməklə pensiya hüququ əldə edə bilər.

- Şəxs pensiya kapitalına əlavə pul ödəyə bilərmi? Əgər bu mümkündürsə, əlavə ödəmə hansı formada icra olunur?

- Bununla bağlı qeydiyyatda olduğu ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzlərinə və ya Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli orqanına müraciət edə bilər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər