4 Fevral 2021 16:09
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Azərbaycanda yanvarın 5-dən “Aİ-92” markalı avtomobil benzininin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Başqa sözlə, Tarif Şurasının yanvarın 4-də verdiyi qərarla "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.

Qurum qiymət artımını 2022-ci ildə Azərbaycanda istifadəyə veriləcək yeni zavodda yüksək keyfiyyətli yanacaq istehsal ediləcəyi ilə əsaslandırıb.

Məsələnin digər tərəfi yanacağın qiymət artımının avtomobil bazarına təsiridir.

İqtisadçı Vüsalə Əhmədova Teleqraf.com-a hazırda Azərbaycanda avtomobil bazarındakı vəziyyəti şərh edib.

Mütəxəssis deyir ki, iqtisadiyyatda belə bir qanunauyğunluq var, tamamlayıcı mallardan birinin qiymətinin yüksəlməsi digər mala olan tələbi aşağı salır:

“Məsələn, avtomobil və benzin tamamlayıcı mallardır. Məlumdur ki, yanvarın 5-dən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edildi. “Aİ-92” markalı benzin əsasən minik avtomobillərində istifadə olunur. Buradan belə nəticə çıxara bilərik ki, benzinin qiymətinin qalxması ilə avtomobillərə olan tələb aşağı düşməli, dolayısıyla avtomobillərin qiymətində azalma müşahidə etməliyik.

Bundan əlavə, məlumdur ki, ölkədə uzun müddətdir sərt karantin rejimi tətbiq olunur. Bir sıra vətəndaşlar avtomobillərini istifadəsiz qaldığı üçün satışa çıxarırlar. Karantin rejimi bazarda alıcıların sayına da təsir edib, təklif tələbi üstələyir. İnsanların bir çoxu pandemiya səbəbindən işlərini itirdikləri üçün kreditlə maşın alanların sayında da azalma var”.

Maraqlıdır, belə olan şəraitdə avtomobil qiymətlərində niyə kəskin ucuzlaşma baş vermir?

Analitikin müşahidələrinə əsasən, istər fərdi şəxslər, istərsə də firmalar tərəfindən satış məqsədilə ölkəmizə gətirilən həm ikinci əl, həm də yeni avtomobillərin qiyməti kifayət qədər yüksəkdir: “İkinci əl avtomobil gətirən şəxslər qiymətlərin baha olmasını əsasən xarici valyutanın manata nisbətdə məzənnəsinin yüksək olması ilə əsaslandırırlar. Yeni avtomobillərin satışını isə müəyyən markaların ölkəmizdə olan rəsmi dillerləri həyata keçirir ki, onların da qiymətini istehsalçının müəyyən etdiyi bildirilir”.

Vüsalə Əhmədova digər vacib səbəbi avtomobillərin gömrük rüsumlarının yüksək olmasında görür: “Məlumdur ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən, 2018-ci il yanvar ayının 1-dən etibarən Azərbaycana idxal edilən mühərrikinin silindirlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrə görə 0,70 dollar, istismar olunmuş avtomobillər üçün isə 1,2 dollar müəyyən edildi. Mühərrikin həcmindən asılı olaraq hesablanan gömrük rüsumundan əlavə, idxal avtomobilinin gömrük rəsmiləşdirilməsi zamanı aksiz vergisi də nəzərdə tutulur.

Mühərrik həcmi 2000 sm3-dək olan avtomobillər üçün hər kubsantimetr üçün 0,3 manat, 2001-3000 sm3 olan avtomobillər üçün hər kubsantimetrə görə 5 manat, 3001-4000 sm3 olan avtomobillər üçün hər kubsantimetr üçün 13 manat, 4001-5000 sm3 olan avtomobillərdə hər kubsantimetr üçün 35 manat, 5000 sm3-dən yuxarı olan avtomobillər üçün isə hər kubsantimetrə görə 70 manat aksiz müəyyən edilib.

Hesablasaq, mühərrikinin həcmi 3000 sm3 olan avtomobillər üçün yalnız aksiz vergisi 15.000 manat təşkil edir. Buraya 600 manat gömrük rəsmiləşdirilməsi vergisini, əməliyyat haqqını, vəsiqə haqqını, ƏDV, elektron gömrük xidmətinin göstərilməsinə görə haqqı, elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV-ni əlavə etsək avtomobillərin qiymətinin nə üçün belə baha olduğunu anlamış olarıq”.

Müsahibimiz deyir ki, ölkəmizdə daha çox mühərrik həcmi 2500-3000 sm3 olan orta seqment avtomobillərə, xüsusilə də “crossover”lərə üstünlük verilir: “Mühərrik həcmi 1700 sm3 olan 2015-2017-ci il istehsalı ikinci əl “Kia Sportage” markalı avtomobillərin qiyməti hazırda bazarda 32.500-33.200 manat təşkil edir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər