6 Fevral 2021 18:59
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Türkiyənin milli valyutası olan lirə kəskin dəyər itirməklə yadda qaldı. Bu tendensiyanın bu il də davam edəcəyi yönündə gözləntilər var idi. Ancaq 2021-ci il başlayandan gözlənilənlərin əksi oldu. Hazırda birjalarda lirənin dollar qarşısında gücləndiyi müşahidə olunur.

İqtisadçı Elman Sadıqov türk lirəsinin dəyər qazanmasına mane ola bilməyən səbəbləri Teleqraf.com-a şərh edib.

O bildirib ki, 2021-ci il başlayandan dünyada ABŞ dolları davamlı olaraq dəyər qazanmaqdadır: “Güclənən dollara qarşı türk lirəsi də dəyər qazanır. Bu proses təəccüblü olsa da, gözlənilən idi. Ötən ilin dekabr ayında 2021-ci ildə türk lirəsinin dəyər qazanacağı ilə bağlı konkret fikirlər dolaşırdı. Cari ildə türk lirəsi dollar qarşısında 3.41 faiz dəyər qazanıb.

2020-ci ildə Türkiyədə turizm gəlirlərinin 2019-cu ilə nisbətən 65,1 faiz azalması lirəyə əsas təzyiqi ortaya çıxaran amillərdən biri hesab olunurdu. 2019-cu ildə Türkiyənin turizm gəlirləri 34 milyard 553 milyon 925 min dollar olub. 2020-ci ildə bu göstərici 65.1 faiz azalma ilə 12 milyard 59 milyon 320 min dollara enib. Pandemiya səbəbindən sərhədlərin bağlı olması, eyni zamanda əhalinin xarici turist səfərləri azaldığı üçün kənara dollar axını nisbətən azalmışdı.

2021-ci il ərzində neft qiymətlərinin artması Türkiyənin tədiyə (ödənişlər) və ticarət balansına mənfi təsir edən amillərdəndir. Bildiyimiz kimi, Türkiyə həm də enerjini idxal edən ölkədir, neft və qazın qiymətinin artması ölkədə lirəyə təzyiq faktorlarından biri kimi qiymətləndirilir. Həm turizm gəlirlərinin azalması, həm enerji qiymətlərinin artması yenə də türk lirəsinin dəyər qazanmasına mane ola bilmədi.

Rus rublu neft və qazın qiymətlərinin qalxmasına görə daha çox dəyər qazanmalı idi, amma bu nisbətdə qazanılan dəyər daha aşağıdır. Ümumilikdə inkişaf etməkdə olan ölkələrdə valyutaların bəzilərinin dəyər qazandığını müşahidə edirik, amma bu dəyər nisbətən aşağıdır”.

Analitik deyir ki, bütün iqtisadi gerçəkliklər türk lirəsinin əleyhinədir: “Belə olan halfa Türkiyə milli valyutasının dəyər qazanması maraq doğurur. İqtisadiyyatın bir neçə pozulmayan qanunu var. Bunlardan biri də gözləntidir. Türk lirəsi 2020-ci ildə dollara nisbətən 24 faiz dəyər itirmişdi. Türkiyənin Xəzinə və Maliyyə naziri Bərat Albayrakın istefasından sonra lirə 2020-ci ilin noyabr-dekabr aylarında 15 faiz dəyər qazansa da, il ərzində lirənin dəyər itkisi 24 faiz olmuşdu. Əgər lirə bu dəyəri qazanmasaydı dəyər itkisi daha yüksək olardı.

Bundan əlavə, ötən ilin noyabr ayından etibarən Türkiyə monetar siyasətini dəyişdi. Yəni Mərkəzi Bankın sədri əvəzləndi və bank monetar siyasətin tələblərinə uyğun olaraq faizləri artırmağa başladı. Avqust ayında Mərkəzi Bankının faiz dərəcəsi 8,25 faiz idi, amma bu göstərici dekabr ayında 17 faizə qədər hissə-hissə artırıldı. Bu faiz artımı lirəyə olan təzyiqi azaltdı. Baxmayaraq ki, tədiyə və ticarət balansında kəsirlər qalmaqdadır, turizm gəlirləri azalıb, enerji qiymətləri artıb, Türkiyənin valyuta ehtiyatlarında ciddi azalmalar var, amma iqtisadi tələblərə uyğun monetar siyasətin bərpası və aparılması lirəyə qarşı təzyiqi azaltdı”.

Elman Sadıqovun qənaətincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın manevr qabiliyyəti bazarlar tərəfindən yüksək qiymətləndirilir: “Bazar iştirakçıları düşünür ki, Ərdoğan dünya siyasətinə yaranmaqda olan gerçəkliklərdən, vəziyyətdən maksimum istifadə edə biləcək. İstər Avropa, istər Britaniya, istərsə də Amerika ilə münasibətləri yaxşılaşacaq.

Türkiyənin dekabr ayının sonunda Britaniya ilə imzaladığı Sərbəst Ticarət Sazişi, Co Bayden Administrasiyasının hələlik Türkiyəyə qarşı mənfi fikir bildirməməsi, hətta “S-400” böhranından sonra Türkiyə ilə Amerikanın əlaqələrinin inkişaf edəcəyi, Avropa İttifaqının Türkiyə ilə əlaqələrin genişlənəcəyi, Ərdoğanın iqtisadi islahatlara gedəcəyi, Avropa dəyərlərinə önəm verəcəyi və ABŞ-la yaxınlaşmaq istəyini bildirməsi daxili bazarlarında gərginlikləri xeyli yumşaldıb. Bütün bunların nəticəsində hazırda İstanbul birjasına xarici sərmayənin həcmi artıb.

Lirənin dəyər qazanacağı ilə bağlı gözləntilərin artması, Türkiyənin ABŞ, Avropa İttifaqı, Böyük Britaniya kimi böyük ölkələrə ciddi siyasi gərginliyə yol verməyəcəyi, yaranmış vəziyyətdən ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün istifadə edəcəyini bu gün maliyyə bazarları nəzərə almaqdadır. Nəticədə lirə ciddi formada dəyər qazanmaqda davam edir. Hazırda ölkədə qızıldan və dollardan çox TL-yə marağın artdığı müşahidə olunur. Lirənin birjalara, investisiyalara yönəldilməsi məsələsi də var”.

İqtisadçının sözlərinə görə, 2021-ci ildə Türkiyədə turizmin 2020-ci ilə nisbətən artacağı gözlənilir: “Turizm gəlirləri artdıqca ölkəyə dolların axını da artacaq. Burada yeganə amil enerji qiymətləri ilə bağlıdır. Amma neftin qiymətinin 60-65 dollardan yuxarı qalxacağı və bu səviyyədə uzun müddət qalacağı ehtimalı çox aşağıdır. Bu səbəbdən bugünkü neft qiymətləri nisbətən yüksək dəyərləndirilir. Amma 2021-ci ildə Türkiyə daha yüksək neft qiymətləri ilə üzləşməyəcək. Yəni bu sahədə lirəyə təzyiq nisbətən az olacaq. Xarici investorların Türkiyəyə gəlişinin artması da gözlənilir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər