24 Fevral 2021 08:05
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın hesabatına görə, 2021-ci il fevralın 1-nə 900,4 milyon manat problemli kredit rəsmiləşib. Bu, ilin əvvəli ilə müqayisədə 7,3 milyon manat çoxdur. Yanvarın 1-nə problemli kreditlərin həcmi 893,1 milyon manat idi.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-a bildirib ki, yalnız Azərbaycanda deyil, bütün dünyada analoji proses baş verir: “Hesab edirəm ki, problemin kökündə pandemiya amili dayanır. Pandemiya şəraitində həm istehlakçılar, həm də sahibkarlar kreditlərinin ödənilməsində çətinlik çəkirlər. Bu da bütün dünyada problemli kreditlərin artmasına gətirib çıxarır.

Prinsipcə hazırkı artım Azərbaycan üçün o qədər də pis deyil, bundan da pis ola bilərdi. Ona görə problemli kreditlərin həcminin artması gözlənilən idi”.

Analitik deyir ki, istənilən ölkənin bank sistemində problemli kredit həmişə olub: “Təbii ki, ödənilməyən kreditlərin məbləği ölkəyə görə dəyişir. Azərbaycanda 2015-ci ilə qədər də problemli kredit var idi, amma onu hiss etmirdik. Çünki ümumi kredit portfelində problemli kreditlərin payı çox deyildi.

Devalvasiyadan sonra ölkəmizdə vaxtı keçmiş kreditlərin həcmi artdı. Getdikcə bu kreditlərin həcmi azalmağa başlamışdı, amma pandemiya bu tendensiyanın davam etməsinə imkan vermədi.

Dövlət başçısının 2019-cu il fevralın 28-də imzaladığı fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyalarını nəzərdə tutur.

Fərmana əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənib.

Bəli, 2019-cu ilin sonları, 2020-ci illin əvvəlirndə biz bu azalmanı hiss etdik. Koronavirus problem bütün dünyada həll olunmayınca, istənilən ölkədə problemli kreditlərin həcmi nisbətən yüksək olacaq. Karantin dövrünün və pandemiyanın bitməsindən sonra deyə bilərik ki, problemli kreditlər nə vaxt azalacaq”.


Müəllif: Yeganə Oqtayqızı