“İrs Fondu” tərəfindən tərtib olunan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. İqtisadi azadlıq üzrə Azərbaycan mümkün 100 baldan 70,1 bal toplayıb. Hesabata görə, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional ortalamaya bərabərdir, lakin dünya ortalamasından yüksəkdir.
Maraqlıdır, iqtisadi azadlıq siyasəti yüksək qiymətləndirilən ölkələr üçün bunun əhəmiyyəti nədən ibarətdir?
İqtisadçı Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, müvafiq nəticələrin Azərbaycan kimi ölkələrə ən böyük xeyri xarici investorların cəlbinə stimul yaratmasıdır: “Xarici sahibkarlar öz vəsaitini yatırarkən, onu ilk növbədə yatıracağı vəsaitə zəmanət və həmin vəsaitin nə qədər tez gəlir gətirəcəyi maraqlandırır. Yatırılacaq vəsaitə zəmanətin tələb olunması normal haldır. Bu, istənilən ölkədə siyasi dəyişiklik baş versə belə, sahibkarın vəsaitini qoruyur. Hər iki məsələ yatırım edilmədən öncə sahibkarı maraqlandıran xüsusi cəhətdir. Bunu da ölkənin qanunvericiliyini və iqtisadi vəziyyətini öyrənməklə, eləcə də bu kimi hesabatlarla əldə edirlər. Bu baxımdan “İqtisadi Azadlıq İndeksi” investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından da əhəmiyyətli məlumat mənbəyidir.
Yəni sahibkarlar sözügedən ölkənin iqtisadi azadlıq indeks üzrə göstəricisini, həmçinin müxtəlif reytinq agentliklərinin, o cümlədən, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Davos Formunun müvafiq nəticələrini əsas götürərək müvafiq qərar verirlər”.
Ekspert deyir ki, “İqtisadi Azadlıq İndeksi” çox mühüm göstəricidir: “Bu, həmin ölkədə sahibkarlıq fəaliyyətinin hansı formada təşkil olunduğunu müəyyən edən əsas indikatordur. Söhbət təkcə xarici investorlardan getmir. Ümumiyyətlə, qanunvericiliklə həyata keçirilən müvafiq fiskal (büdcə-vergi) pul-kredit, gömrük, qiymət, valyuta, beynəlxalq maliyyə siyasətinin ölkədə sahibkarlığın inkişafına hansı formada münbit şəraitin yaradılması nəzərdə tutulur. Hazırda dünyada investorların əsas diqqət yetirdikləri məsələ məhz bundan ibarətdir. Bu baxımdan “İqtisadi Azadlıq İndeksi” üzrə Azərbaycanın müvafiq pillələrdə qabaqcıl yer tutması sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edir”.
Pərviz Heydərov Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşlarının artması üçün hökumətin illər əvvəl qarşısına məqsəd qoyduğunu da vurğulayıb: “Birbaşa xarici investisiyaların təşviqi və cəlb edilməsi məqsədilə ölkədə həyata keçilən iqtisadi kursa uyğun olaraq dövlət səviyyəsində çağırışlar edilirdi. Bunun üçün tələb olunan əsas şərtlərdən biri iqtisadi azadlığın ən yüksək səviyyədə təmin olunmasıdır. Bu, təkcə büdcə və vergi fiskal siyasəti ilə deyil, həm də rəqabətin nə dərəcədə təşkil olunması məsələsini də əhatə edir.
Doğrudur, ölkəmiz “İqtisadi Azadlıq İndeksi”nə görə irəliləyir, amma bu sahədə hələ çox iş görməliyik. Çox təəssüf ki, Azərbaycanda rəqabət amili bazar iqtisadiyyatı tələbləri əsasında təmin olunmamış vəziyyətdədir. Rəqabətin təmin edilməsi üçün “Rəqabət Məcəlləsi”nin qəbul olunması mütləqdir. Ehtimal olunur ki, bu ilin sonlarında məcəllə qəbul ediləcək. Demək olar ki, ölkədə rəqabət üçün münbit şərait yoxdur. Rəqabətin olmaması ucbatından bu və ya digər məhsulların istehsalı və idxalı üzrə inhisarçı fəaliyyət baxımından geniş imkanlar mövcuddur. Bütün bu neqativ halların aradan qaldırılması üçün ilk növbədə “Rəqabət Məcəlləsi” qəbul olunmalıdır.
Daha sonra ölkədə antiinhisar siyasəti daha da gücləndirilməlidir. Dövlətin iqtisadiyyat və iri şirkətlər üzərində rolu getdikcə minimum səviyyəyə endirilməlidir. Əgər ölkəmiz bu istiqamətlərdə də müvafiq nəticələrə nail olsa, inkişaf etmiş ölkələri qabaqlayıb və “İqtisadi Azadlıq İndeksi” üzrə ən çox irəliləyən ölkələr sırasında yer ala bilər. Nəticədə ölkəyə daha çox xarici investisiya cəlb olunar və qeyri-neft sektorunun inkişafı istənilən səviyyəyə çatar”.