“Novruz Bayramı yaxınlaşdıqca yenidən karantin məhdudiyyətlərinin tətbiq edilib-edilməyəcəyi ən çox müzakirə edilən məsələlərdəndir. Epidemioloji vəziyyətə görə pandemiya başladıqdan sonra “lock down” məhdudiyyətlərini bir neçə tətbiq olunduğunu nəzərə alsaq bu istiqamətdə müzakirələrin intensivləşməsi anlaşılandır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, karantin qaydaları ilə bağlı qərar qəbul edilən zaman əsas meyar epidemioloji vəziyyət, daha dəqiq yoluxma sayı götürülür: “Bununla yanaşı, artıq 420 mindən artıq vətəndaşımızın peyvənd olunduğunu və yoluxma sayının tənzimlənən həddə olduğunu nəzərə alsaq, ictimai iaşə və xidmət sferalarında yenidən qapanma məqsədəuyğun olmazdı.
Xüsusən nəzərə almaq lazımdır ki, bu sektorlarda fəaliyyət göstərən müəssisələr, eləcə də kafe və restoranlar qapanmadan sonra fəaliyyətlərini bərpası müəyyən zaman və maliyyə tələb edir”.
Vüqar Bayramov rəsmi statistikaya istinadən bildirib ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır:
“Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sektorlardakı fəaliyyət məşğulluq baxımdan da vacib hesab olunur. Bu baxımdan da epidemioloji vəziyyət kəskin pisləşməyəcəyi halda bayram günlərində də bu sektorlarda fəaliyyətlərin davam etməsi məqsədəuyğun olardı”.