Energetika naziri Pərviz Şahbazov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergeri qəbul edib.
Teleqraf.com bu barədə Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında energetika sektorunda əməkdaşlıq əlaqələrindən bəhs edilib. Enerji keçidi prosesində iki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ABŞ şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir ölkəmizdə energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə həyata keçirilən layihələr və müvafiq sahənin tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji ilə təminatı planları haqqında məlumat verib.
Səfir Örl Litzenberger Cənub Qaz Dəhlizi layihəsinin ABŞ tərəfindən dəstəkləndiyini və ölkəsinin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və infrastrukturunun bərpasında iştirakda maraqlı olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.