16 Mart 2021 22:56
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

İpoteka və Kredit Zəmanət Fondu ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edib. Məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzunmüddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.

Daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev Teleqraf.com-a dəyişikliyi şərh edib.

O bildirib ki, istənilən problem və onun həllindən dövlətin və vətəndaşın qazancını ortaya qoyanda məsələ həllini tapır: “Satmaq öhdəliyi ilə kirayə şərtləri əsasən üç istiqamət üzrə sadələşdirilib. Dəyişikliyə əsasən, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumşaldılıb, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanı yaradılıb, həmçinin sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanması nəzərdə tutulur.

Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin “bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur. Məlum məsəldir ki, hər kəs bir dəfə də olsa, hansısa formada kredit götürür. Fərqi yoxdur, məişət əşyası, telefon, avtomobil, müxtəlif kreditlərə müraciət etməli olur. Kredit götürən şəxs çalışdığı yerdə bəzən ixtisara düşür, bəzən işi bağlanır və yaxud əmək qabiliyyətini itirə bilər. Bu zaman həmin ödənişlər problemli kreditə çevrilir.

Qeyri-ixtiyari səbəblərdən yaranan gecikmələr həm vətəndaş, həm də bank üçün arzuolunmaz haldır. Onsuz da banklar kredit verərkən özlərini sığortalayırlar. Bank evi istər ipoteka krediti ilə, istərsə də kirayə üsulu ilə satanda mənzili qiymətləndirir.

Bu zaman ilkin ödəniş kimi evin 20-30 faizini vətəndaşdan alınır. Bununla da bank özünü qarantiyaya almış olur. Vətəndaş ödənişini gecikdirərsə və ya borcunu tam ödəyə bilməsə, bankın həmin evi hərraca çıxarmağa haqqı çatır. Burada uduzan vətəndaş olur”.

Ekspert hesab edir ki, sözügedən sadələşmə ipoteka kreditlərinə də şamil olunsa, təkcə vətəndaşların ev problemi həll olunmaz, həm də ölkə iqtisadiyyatında ciddi canlanma yaranar:

“Nə qədər çox alqı-satqı olsa, dövriyyəyə bir o qədər çox pul daxil olar və tikinti şirkətlərinin də yeni bina tikməyə maraqları artar, çünki alıcılar çoxalmış olur. Tikinti sektorunun canlanması Azərbaycan iqtisadiyyatını daha çox dayanıqlı edir. Çünki ölkə iqtisadiyyatının 30-40 faizi əmlak sektorundan asılıdır. Tikinti sektoruna bənd olan sahələr də saat mexanizmi kimi işləyir. Azərbaycan MDB ölkələri arasında tikinti sektoru nə qədər inkişaf etsə də, təəssüf ki, bu sahədə boşluqlar çoxdur.

İpoteka kreditinin verilmə şərtləri elədir ki, çox vətəndaşa şamil oluna bilmir. İlk növbədə rəsmi iş yeri və yüksək maaş tələb olunur. Bu şərtlər sadələşsə, mənzil almaq vətəndaşlar üçün əlçatan olar”.

Elnur Fərzəliyev xarici ölkələrin təcrübəsindən də danışıb: “Vətəndaş olaraq hamımız ölkəmizə bağlıyıq. Baş verən uğurlar da, problemlər də bizimdir. Bəzən insanlar söz xatirinə söz deyirlər. Hesab edirəm ki, daşınmaz əmlak sektorunda özümüzə məxsus yeniliklər olmalıdır. Ölkəmizin mentalitetinə, insanların düşüncəsinə uyğun xarici bir ölkənin nümunəsini götürüb Azərbaycanda tətbiq etmək lazımdır.

Avropada ipoteka kreditləri istənilən vətəndaşa 2 faizdən verilir. İstənilən şəxs mənzil almaq üçün müraciət edə bilir. Ümumi portalda vətəndaşın gəlirləri və xərcləri göstərilir. Yetərli gəlir olmasa da, güzəştli şərtlər təklif edilir.

Azərbaycanda da oxşar mənzərə var, amma kredit verilmir. Rusiyada yaşayan azərbaycanlılar ailəsinə kreditlə mənzil almaq üçün pul göndərir. Amma ailə üzvlərindən birinin rəsmi gəliri yoxdursa, o, qeyri-rəsmi gəlirinin olduğunu sübut edə bilmir. Buna görə də vətəndaş ipoteka kreditindən yararlana bilmir”.

Analitikin qənaətincə, dəyişikliyin ən müsbət tərəfi sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasıdır: “Belə ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə (bərbər, dərzi, çəkməçi, pinəçi, foto, audio-video xidməti, toy və şənliklərdə aparıcı, çalğıçı və s. ) muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan şəxslərin – sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanması üçün yeni yanaşma tətbiq olunur. Tutaq ki, VÖEN-lə fəaliyyət göstərən fiziki şəxsin aylıq 1000 manat gəlirinin 40 manatını vergiyə ödəyir. Yeni şərtlə rəsmi iş yeri olmasa da, VÖEN-lə göstərilən fəaliyyət növü satmaq öhdəliyi ilə kirayə mənzil şərtlərinə uyğun gəlirsə, şəxs bu layihədən yararlanır.

Bu, dəyişikliyin ən müsbət tərəfidir. Bu gün əksər insanların rəsmi işi yoxdur, amma kiçik sahibkarlıq fəaliyyəti göstərirlər. Hansı ki, onların gəlirləri rəsmi iş yeri olan vətəndaşdan daha çoxdur və daha dayanıqlıdır. Artıq VÖEN əsasında vergisini ödəyib gəlirlərini göstərən şəxslər də satmaq öhdəliyi ilə kirayə mənzilə sahib ola biləcəklər”.


Müəllif: Yeganə Oqtayqızı