26 Aprel 2021 21:38
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“1980-ci ildə inşa edilən Metsamor AES hazırda dünyada ən köhnə atom elektrik stansiyalarından biridir. O, bütün bölgə üçün potensial təhlükə mənbəyidir”.

Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

O bildirib ki, hansı ölkənin ərazisində olmasından asılı olmayaraq hər bir atom elektrik stansiyası Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) qarşısında öhdəlik götürür: “Dünyadakı mövcud atom elektrik stansiyalarının hər biri texnoloji qurğuları və tullantıların idarə edilməsi ilə bağlı AEBA ilə əməkdaşlıq edir. Ermənistanda inşa edilən Metsamor AES Türkiyə ilə 16 kilometr məsafədə yerləşir.

O ölkələr öz ərazisində atom elektrik stansiyası inşa edə bilər ki, onun kifayət qədər iqtisadi imkanları olsun. Bu imkanlar Ermənistanda mövcud deyil. O dövrdə Ermənistanın kifayət qədər alternativ enerji mənbələrindən istifadə imkanları vardı. Bu AES-in Türkiyə sərhədində tikilməsinə heç bir əsas yox idi.

1980-ci ildə Türkiyə NATO-nun üzvü idi və rəsmi Ankara ilə SSRİ arasında bir sıra geosiyasi məsələlərdə fikir ayrılığı müşahidə edilirdi. Ona görə də sözügedən stansiyanın məhz Türkiyə sərhədinin 16 kilometrlik ərazisində inşa edilməsi tamamilə kənar məqsədlərdən xəbər verir”.

Ekspert deyir ki, hazırda Ermənistanın elektrik enerjisinə olan tələbatının cəmi 28 faizi Metsamor AES hesabına ödənilir:

“Ermənistan həm Rusiyadan, həm də İrandan boru kəmərlə qazı idxal edir. 2006-ci ildə Bakı-Tiblis-Ərzurum qaz kəməri istismara verildikdən sonra Rusiyanın “Qasprom” şirkəti Ermənistanın mümkün enerji təchizatında təhlükədən xilas etmək üçün İranla danışıqlar apardı.

Həmin ildə Tehrandan başlayıb Meğri rayonunda bitən İran-Ermənistan qaz kəmərini çəkdilər. Bu qaz kəməri İranın Culfa yaşayış məntəqəsindən ötür. Kəmərinin illik ötürücülük gücü 1 milyard kubmetrdir. İran-Ermənistan qaz kəməri Rusiyanın “Qazprom” şirkətinin nəzarətindədir. Çünki o dövrdə həmin kəmərin çəkilişinin maliyyə xərclərini Rusiya şirkəti həyata keçirmişdi.

İki ölkə arasında bağlanan müqaviləyə əsasən, İrandan ixrac edilən hər bir kubmetr qazın qarşılığında Ermənistan 3 kilovat/saat həcmində elektrik enerjisi qaytarmalı idi. Ermənistan dağlıq ərazidə yerləşir, ölkədə kifayət qədər dağ çayları və göllər var ki, bu da hidroenerji potensialının çox olduğunu deməyə əsas verir. Eyni zamanda ölkədə su-elektrik stansiyalarını da inkişaf etdirmək olardı. Görünür, Ermənistan Metsamor AES-nı başqa maraqlarına xidmət etmək məqsədilə saxlayır”.

Metsamor AES-nın tamamilə köhnə olduğunu vurğulayan Zəfər Vəliyev stansiyanı region üçün təhlükə mənbəyi adlandırıb: “Hələ 2014-cü ildə Ermənistan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqlar apardı. Stansiyada sənaye istismarında olan reaktorların istifadə müddətinin əlavə 20 il uzadılması ilə bağlı təkliflə çıxış etdi. Çünki reaktorlar kifayət qədər köhnə idi.

Beynəlxalq Atom Enerjisi Agentliyi ekspertləri stansiyanın təcili yenidən qurulmasını tələb edirdi. Bunun üçün də 50 milyon dollara yaxın vəsait lazım idi. Ermənistanda da maliyyə vəsaiti yox idi. O vaxtı Fransa və Rusiya ilə danışıqlar aparıldı.

Dünyada atom enerjisi inkişaf edən ölkələrdən biri Rusiyadır, digəri Fransadır. Məlumdur ki, Fransanın elektrik enerjisinə olan tələbatının 40 faizi ölkə ərazisindəki atom elektrik stansiyaları hesabına ödənilir. Baxmayaraq ki, Rusiyanın “Rosatom” Dövlət Korporasiyasının texnologiyası təhlükəsizlik nöqteyi-nəzərindən digər Qərb ölkələrinin texnologiyasından çox geridə qalır, amma bu sahədə Rusiyanın kifayət qədər təcrübəsi var.

Bu baxımdan Metsamor AES həm Türkiyə, həm Gürcüstan, həm də Azərbaycan üçün çox ciddi təhlükə mənbəyidir. Adıçəkilən stansiya seysmik cəhətdən aktiv zonada yerləşir. 1988-ci ildə Ermənistanda güclü zəlzələ oldu və Metsamor AES zərər gördü. Stansiyanın fəaliyyəti bir müddət dayandırıldı, lakin müqavilə əsasında “Rosatom” orada müəyyən yenidənqurma işləri apardıqdan sonra AES yenidən fəaliyyətə başladı.

Bir sözlə, Ermənistanın beynəlxalq ekoloji təşkilatlara və birliklərə Metsamor AES-ın və tullantıların idarə edilməsi ilə bağlı aydın hesabat vermək imkanı yoxdur.

Ermənistan keçmiş hərbi rəhbərliyi ara-sıra atom elektrik stansiyasından digər məqsədlər üçün istifadə edəcəklərini dilə gətirmişdi. Hesab edirəm ki, Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələr beynəlxalq ekoloji təşkilatlar, birliklər Metsamor AES-da ciddi təftişə ehtiyac olduğuna dair məsələ qaldırmalıdırlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər