Dövlət başçısı “Azərkosmos” ASC, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC-lərin Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsindən çıxarılması ilə bağlı fərman imzalayıb.
Qeyd edək ki, Teleqraf.com keçən ilin noyabrında “Aztelekom” MMC-nin AİH-nin idarəetməsindən çıxarılmasına dair məlumat yaymışdı.
Maraqlıdır, dövlət şirkətləri və dövlət payı olan təsərrüfat cəmiyyətləri hansı halda AİH-nin idarəetməsindən çıxarılır?
İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, qərarın rəsmi izahı yoxdur: “Məlumdur ki, Prezident bütün məsələlərə birbaşa özü məşğul olmur, çox güman, təqdimatlar olur. Birinci, həmin qurumların AİH-nin idarəedilməsinə verilməsi təqdimatının necə yaranması məsələsi gündəmə gəlməlidir. Bu, AİH-nin işində müəyyən problemlərin olduğundan xəbər verir. Təqdimat olunub, holdinqin tərkibinə salınıb, qısa müddət sonra bəzi dövlət şirkətləri idarəetmədən çıxarılıb. Bu, yeni presedent yaradır.
Ola bilsin ki, gələcəkdə digər şirkətlər də bununla bağlı müraciətlər etsin. Çünki AİH-nin əsas qayəsi ölkədə fəaliyyət göstərən dövlət müəssisələrinin rentabelliyinin yüksəldilməsi, büdcəyə yük olmaqdan çıxarılması, bu qurumların özbaşına idarə olunması praktikasına son qoyularaq nəzarət mexanizmlərinin yaradılmasından ibarətdir.
Bir çox dövlət şirkətlərinin rəhbərliyi bundan məmnun deyildi. Çünki başlarının üzərində yeni bir qurumun olması nəzarət mexanizmlərinin artırılması üçün yeni fürsətlər yaradırdı”.
Analitik deyir ki, bəzi şirkətlərin AİH-nin idarəetməsindən çıxarılması ilə bağlı qərarın nəyə əsasən verildiyi izah olunmayıb: “AİH-nin ictimaiyyətə bu barədə məlumat verməsi daha yaxşı olar. Ehtimal olunur ki, AİH-dən çıxarılan şirkətlər digər müəssisələrə nisbətən rentabelli azsaylı dövlət şirkətlərdən bir neçəsidir. Ola bilər ki, bu şirkətlər gəlirlə çalışdıqlarına görə AİH-nin tərkibindən çıxarılması ilə bağlı qərara verilib.
Amma bu, yeni bir presedentin yaranması səbəb olmamalıdır. Yəni gələcəkdə digər şirkətlər də müraciət edib AİH-nin tərkibindən çıxarılması ilə bağlı məsələ qaldırsalar, bu zaman İnvestisiya Holdinqinin yaranma fəlsəfəsi və qarşıya qoyduğu vəzifələri sual altına düşəcək”.