6 May 2021 13:19
3 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçında hava limanın inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, işğaldan azad olunan ərazilərdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək: “Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək. Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan hava limanının təməl qoyma mərasimi keçirildi. Laçında hava limanın inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir. Bizə ən çox müraciət edilən suallardan biri də həmin bölgəmizdə nə üçün 3 hava limanına ehtiyacın olması barədədir.

İqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad oluna ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan turist səfərlərini asanlaşdıracaq.

Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımdan Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.

Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımdan vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi.

İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər