17 May 2021 14:40
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın Dmanisi rayonunda dünən provokasiya olub, svanlar Borçalı türklərinin işlətdiyi bir mağazaya hücum edib, bir neçə nəfəri döyüblər. Dmanisidə heç vaxt svanlar yaşamayıb, onları keçən əsrin 90-cı illərində iki səbəbə görə Bolnisə və Dmanisəyə köçürüblər. Birinci, Abxaziya hadisələri, ikinci, böyük daşqın nəticəsində bir neçə kəndin dağılması...”

Teleqraf.com-un xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, o zaman Gürcüstan hökuməti svanları məhz türklərin sıx yaşadığı bölgələrə köçürməklə həmin regionlarda etnik tərkibə təsir etmək istəyirmiş: “Dmanisi (Başkeçid) Gürcüstanın strateji bölgəsidir, Ermənistanla sərhəddir, elə kəndlər var ki, Ermənistandan bir neçə metr ayırır, ona görə də, o bölgəyə çox həssas olmaq lazımdır.

Çox güman, Ermənistan xüsusi xidmət orqanları oralarda ciddi fəaliyyət göstərirlər. İstənilən provokasiyalara ancaq hüquq müstəvisində cavab verilməlidir, kimlərsə orada qanlı ədavət salmağa çalışır.

Gürcüstan bizim strateji tərəfdaşımız, Azərbaycanın Qərbə təbii iqtisadi uzantısı, qapısıdır. Gürcüstanın iqtisadiyyatı Azərbaycandan asılıdır, amma bizim də kommunikasiyalara görə asılılığımız var”.

Natiq Cəfərli Gürcüstanın narahat olduğunu fikirləşir: “Ermənistan-Azərbaycan münaqişəsi tam bitib sərhədlər açılsa, iqtisadi və infrastruktur əlaqələri yaransa, Zəngəzur koridoru tam açılsa, Gürcüstanın bölgədə önəmi azalacaq, iqtisadi fürsətləri daralacaq. Son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən ən çox maddi qazanc götürən ölkə məhz Gürcüstan idi. İndi yeni yolların açılması ehtimalı, Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yolları Cürcüstan üzərindən Türkiyə və Avropa mallarının Azərbaycana, Xəzərin o tayına, hətta Rusiya və İrana tranziti azala bilər.

Son 30 ildə Sarpdan keçməklə hər gün yüzlərlə “TIR”lar Gürcüstan ərazisindən 600 km yol keçməklə Qırmızı Körpü keçid məntəqəsinə gəlirdi. Yol boyu həmin maşınlara xidmət edən, on minlərlə iş yeri olan obyektlər, infrastruktur qurulub, ölkə tranzitdən, əhali isə yolun özündən qazanırdı. İndi rəsmi Tiflis düşünür ki, bu qazanc və fürsət azala bilər”.

Analitik təklif edir ki, Gürcüstanın narahatlığı aradan qaldırılmalıdır: “Boru xətləri daim Gürcüstandan keçəcək, Bakı-Tbilis-Qars (BTQ) dəmiryolu çalışacaq, rəsmi Tiflisə bununla bağlı zəmanət verilməlidir. Hətta sabah Zəngəzur koridoru açılsa belə, yolun o başında da, bu başında da Rusiya duracaq. Deməli, o yolla Azərbaycana təzyiq etmək kimi yeni alət yaranacaq.

Buna görə də Gürcüsran koridoru bizim üçün hələ uzun müddət əhəmiyyətli alternativ olaraq qalmalıdır ki, Moskvanın təzyiqlərini neytrallaşdıra bilək.

Azərbaycan-Gürcüsran dostluğu, əməkdaşlığı region üçün də, hər iki xalq üçün də həyati əhəmiyyətə malikdir. Ona görə də provokasiyalara uymamalı, soyuq başla, hüquq çərçivəsində bütün problemlər həll edilməli, bizim hökumət bu məsələni daim diqqətdə saxlamalıdır.

Orada yaşayan türklər isə gürcü dili öyrənməli, siyasətə aktiv qarışmalı, seçkili orqanlarda daha çox təmsilçilik qazanmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər