“Microsoft”un qurucusu Bill Qeytsin boşanma mərhələsində olduğu həyat yoldaşı Melinda Qeytsə ödəyəcəyi vəsaitin həcmi məlum olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, arvadını aldatma iddiaları ilə gündəmə gələn boşanma müddətində iş adamı milyard dollarlıq hissələrini Melinda Qeytsə köçürüb.
Məlumata görə, Melinda Qeyts “Deere & Company”nin 850 milyon dollar dəyərində hissəsinə sahibdir. Bill Qeyts keçən həftə 2.25 milyon “Deere & Company” səhmini həyat yoldaşına köçürüb. Beləliklə, Bill Qeytsin ümumilikdə 3 milyard dollarlıq hissələrini həyat yoldaşına köçürdüyü müəyyənləşib. Bununla da Melinda Qeyts şirkətin cəmi 7 faizini əldə edib.
Mayın 4-də başlanan boşanma müddətində Bill Qeyts həyat yoldaşına 2,9 milyon ədəd “AutoNation”, 14,1 milyon ədəd Kanada Milli Dəmir Yolu, 293,5 milyon ədəd isə “Grupo Televisa”nın hissəsini verib. Qeytsin indiyə qədər verdiyi səhmlərin ümumi dəyəri 3 milyard dolları keçib.
Qeyd edək ki, 27 illik evliliyini mayın 4-də bitirməyə qərar verən cütlüyün sərvəti 124 milyard dollar olaraq qiymətləndirilir. Bill Qeyts 1987-ci ildə şirkətin marketinq meneceri işləyən Melinda Frenclə evlənmişdi.