“Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu il iyulun 1-dək uzadılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, Mərkəzi Bankın İdarə Heyəti məlum qərarla bağlı müddəti sonuncu dəfə bu yazın ilk ayının sonuncu günü uzatmışdı:
“Mərkəzi Bankın məlumatına görə, qərara əsasən, kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin, habelə kredit öhdəliklərinin gecikdirilməsi halında əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına və borcludan tutulmamasına, eləcə də borcalanın kredit tarixçəsinin pisləşdirilməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 1 iyul 2021-ci ilədək uzadılıb. Eyni zamanda kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə tətbiq edilmiş dividend ödənişlərinin məhdudlaşdırılması müddəti həmin tarixədək qüvvədə saxlanılıb.
Sektorun bank kapitalına aid yeni requlyativ tələblərinə tədricən adaptasiyasının təmin edilməsi məqsədilə bazar və əməliyyat risklərinin bank kapitalının adekvatlığı əmsalı ilə örtülməsi, habelə əmsalın minimum həddi üzrə requlyativ güzəştlərin tətbiqi müddətinin 1 iyul 2021-ci ilədək uzadılması qərara alınıb”.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda banklara borclunun kredit tarixçəsinin pisləşməməsini tövsiyə edir: “Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirəlayiq haldır.
Qeyd edim ki, Milli Məclisin 27 may 2021-ci il Plenar İclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif etmişdim”.