Çinin milli valyutası yuan ABŞ dollarına nəzərən bahalaşmaqda davam edir. 2020-ci ilin mayında bir dollar 7,13 yuana dəyişdirilirdi. Hazırda iki valyuta arasında olan məzənnə 6,37 səviyyəsinə kimi geriləyib. Birillik dövrdə dolların yuana nisbətən 10 faizdən çox ucuzlaşması müşahidə edilib.
Qeyd edək ki, 2018-ci ilin martından 2020-ci ilin mayına qədər yuanın ucuzlaşması prosesi gedirdi. Həmin dövrdə dollar yuana nisbətən 14 faizə yaxın bahalaşmışdı. Amma təxminən bir il öncədən başlayaraq əks dinamika yaşanır və yuanın məzənnə dəyəri yüksəlir.
İqtisadçı Xalid Kərimli Teleqraf.com-a yuanın bahalaşmasına təsir edən amilləri şərh edib. O bildirib ki, pandemiya Çindən başlayıb dünyaya yayılsa da, epidemiyadan ən az zərərlə çıxan dövlət Çindir: “Artıq 2020-ci ilin ikinci rübündən Çin iqtisadiyyatında artım qeydə alınır. 2021-ci ilin birinci rübündən bu atım 18 faizdən yuxarı olub. Çin 2021-ci il üçün son illərin ən yüksək artımını proqnozlaşdırır. Demək olar ki, Çin pandemiyadan sonra öz istehsalını bərpa edən ölkələr arasında liderdir. Bu da yuana tələbin artması ilə nəticələnir.
Bu ölkədən mal almaq istəyənlər öz valyutalarını Çin yuanına dəyişməlidir ki, bu da milli valyutaya olan təlabatla bərabər onun qiymətini də artırır. Əsas aparıcı səbəb Çin iqtisadiyyatının və ixracatının sürətli bərpasıdır”.
Analitik deyir ki, 2020-ci illərdə Çin iqtisadi siyasətində dəyişiklik etməyə başlayıb: “Ölkə diqqəti ixracata yönəlmiş iqtisadi artımdan daxili istehlaka yönəlik iqtisadi artıma istiqamətləndirmək istədi. Yuan güclü olmalıdır ki, idxal ucuz olsun, əhali də pulunu xərcləsin.
Pul güclü olduğuna görə, ölkə aktivlərinə maraq artır. Məlum olduğu kimi, Çin şirkətlərinin səhmləri yuanda denominasiya olunur ki, bu da ölkə şirkətlərinə və əmlaklarına marağı artırır. Yəni Çin daxili istehlak hesabına iqtisadi artıma nail olmağı qarşısına məqsəd qoyub. Yuanın bahalaşması Çinin uzunmüddətli siyasətinin nəticəsidir, çünki dollara alternativ valyuta kimi çıxış etmək istəyir. Çin dünya rezervlərinin bir hissəsinin yuanda saxlanmasına çalışır”.
Xalid Kərimlinin müşahidələrinə əsasən, Çin xüsusən Tramp dövründə ABŞ- la məzənnə müharibəsi aparıb: “Bayden hökuməti gələndən sonra bu cür ticari müharibələrin olmayacağı yönündə bir əminlik var. Ona görə də bu rıçaqı arxa plana keçirib. Ancaq Çin yuanının davamlı surətdə bahalaşacağını gözləmək doğru deyil. Əminəm ki, Çin yuanın bir qədər bahalaşmasına dözməyəcək və inzibati üsullarla milli valyutasını ucuzlaşdırmağa başlayacaq. Çünki bahalı yuan ölkənin ixracatına ciddi formada mənfi təsir göstərə bilər.
İxracat hələ də Çinin iqtisadi artımının, inkişafının drayveridir. Bu baxımdan Çin yuanının sürətli və davamlı artımını gözləmək olmaz.
Yuanın bahalşması həm də dolların ucuzlaşması fonunda aydın görünür. Məlumdur ki, ABŞ Mərkəzi Bankı ardıcıl olaraq ucuz pul siyasəti həyata keçirir. Nəticə etibarilə dollar ucuzlaşdığına görə Çin yuanı da bahalaşır”.