9 İyun 2021 11:26
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kriptovalyuta bazarları qumar deyil, həyatınızı mənfiyə doğru dəyişməyəcək məbləği qoyun və bir az qazandıqda aludə olmayın, qoyacağınız məbləği davamlı artırmayın”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri iqtisadi Elman Sadıqov deyib.

O, son günlər rəqəmsal valyutaya artan marağın qumarla qarışdığını deyib: “Psixoloji nəzərdən qumarın ən böyük təhlükəsi budur ki, udan insan tam sevinə bilmir. Təəssüflənir ki, niyə daha çox pul yatırmayıb. Uduzan isə kədərlənmək əvəzinə şüuraltı sevinir, yaxşı ki, çox pul qoymayıb. O zamana qədər ki, həyatı məhv olur. Yəni, qumar insanlara əslində səhv və əks hisslər yaşadan təhlükəli bir ilandır. Elə bir ilan ki, insanın həyatını davamlı olaraq zəhərləyir, sonda isə tam məhv edir.

Bu sözlərim kriptovalyuta bazarlarına borc, kredit götürərək daxil olub bu bazara aludə olan gənclərə, vətəndaşlaradır.

Əgər yenə də bu bazarda olmaq istəyirsinizsə, bu bazara qumar deyil, ticarət kimi yanaşaraq itirməyi özünüzə rəva biləcəyiniz, itirdikdə borclanmayacağınız (evinizi, maşınınızı, əmlakınızı sataraq və ya borclanaraq daxil olduğunuz üçün) həyatınızı mənfiyə doğru dəyişməyəcək məbləği qoyun və bir az qazandıqda aludə olmayın, qoyacağınız məbləği davamlı artırmayın. Akulalara yem olan xırda balıqları unutmayın. Qeyd edim ki, kriptovalyutaların qiymətinin kəskin enməsi dünyada çoxlu iflas və intiharlara səbəb olmaqdadır”.


Müəllif: Yeganə Oqtayqızı