15 İyun 2021 16:21
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində ikitərəfli görüşlərin keçiriləcəyi gözlənilir. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlıq potensialının yüksəldilməsi üçün müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq, Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsi istiqamətində hərtərəfli müqavilənin imzalanması gözlənilir. Yeni əməkdaşlıq tədbirləri Azərbaycan-Türkiyə münasibətlərinin hərtərəfli inkişafını təmin etməklə, ilk növbədə ölkələr arasında ticarəti stimullaşdıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında məlumat verilib.

Bildirilir ki, Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla, ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir. 2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4.5 milyard dollar olmaqla 14% paya malik olub. Yüksələn trayektoriya üzrə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4.16 milyard dollar təşkil edib.

Bununla yanaşı, Azərbaycan və Türkiyənin iqtisadiyyatları arasındakı potensialın tam olaraq dəyərləndirilməsi və 2023-cü il üçün 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi qeyd edilə bilər. Bu saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək.

Bundan başqa, iqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyədəki həm şirkət sayı, həm də investisiya həcminə görə Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. İki ölkə arasında birgə investisiya fondunun təsis edilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilə bilən birgə texnologiyanın transferini və istehsalın lokalizasiyasını nəzərdə tutan iri müəssisə və layihələrin reallaşması investisiya hədəflərinə çatılmasını və imkanların maksimal dəyərləndirilməsi istiqamətində qarşıda duran vəzifələrin icrasını sürətləndirəcək. Bütün bu istiqamətlərlə yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsində türk şirkətlərinin fəal iştirakı investisiya əlaqələrinin güclənməsinə öz töhfəsini verir ki, buna misal olaraq “Azərlotereya” ASC göstərilə bilər. Yaradılan yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.

İqtisadi əlaqələrin digər önəmli sahəsi kimi nəqliyyat-logistika qovşaqlarının şaxələnməsi ölkəmiz və qardaş respublikanın iqtisadi inkişafı ilə yanaşı regionda sülhün və rifahın bərqərar olmasını təmin edir. 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu üzərində daşınan yüklərin həcminin iki dəfədən çox artması nəqliyyat-kommunikasiya istiqamətində keçirilən birgə layihələrin səmərəliliyinin bariz nümunəsidir. Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmiryolunun çəkilməsi nəticəsində, Azərbaycan və Türkiyə arasında idxal-ixrac, habelə tranzit əməliyyatları zamanı nəqliyyat və daşınma xərcləri və müddəti azalacaq. Eləcə də iqtisadi ticarət əlaqələrin miqyası artacaq, habelə xarici ticarət dövriyyəsi hədəfinə nail olunmasını sürətləndirəcək.

Həmçinin, Azərbaycanın bölgədə təklif etdiyi yeni “3+3” formatlı işbirliyi platforması da ölkələr arasında ikitərəfli ticarət əlaqələrinin, habelə Naxçıvanın strateji önəminin artmasına təkan verəcək. İşğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası və reabilitasiyası prosesinə türk iş adamlarının cəlbi Türkiyə ilə iqtisadi əlaqələrimizin yeni sahəsini formalaşdırır. Belə ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların, habelə Füzuli hava limanının tikintisində türk şirkətləri fəal iştirak edir.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.

Bu ilin fevral ayında iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan və Türkiyə arasında dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə ümumilikdə 11 protokol imzalanıb. Bütün bu imkanlar fonunda iki ölkənin əməkdaşlığının genişləndirilməsi, birgə istehsal müəssisələrinin təşkili, nəqliyyat-logistika, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərdən istifadə ölkələrimizin qarşılıqlı ticarəti, investisiya qoyuluşlarını artıracaq, bölgədə nəqliyyat-kommunikasiya əlaqələrini gücləndirəcək, işğaldan azad edilmiş torpaqlarımızın bərpasında və inkişafında səmərəliliyi artıracaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər