4 Noyabr 2014 19:11
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Polşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, nazir Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, iki ölkə arasında müqavilə-hüquqi baza yaradılıb, Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Ölkə iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev Azərbaycanın iqtisadiyyat və sənaye naziri kənd təsərrüfatının qeyri-neft sektorunun aparıcı sahələrindən olduğunu, bu sahəsinin inkişafı istiqamətində sistemli dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndiyini bildirib. Hazırda bir sıra rəqabətqabiliyyətli Azərbaycan məhsulları xarici bazarlara ixrac olunur.

Polşanın kənd təsərrüfatı sahəsində geniş təcrübəyə malik olduğunu qeyd edən Şahin Mustafayev heyvandarlıq və bitkiçilik sahələrində əməkdaşlıq, Azərbaycan məhsullarının Polşa bazarına ixracı, iri təsərrüfatların və aqroparkların yaradılmasında Polşa təcrübəsinin əhəmiyyətini vurğulayıb. Aqrar sahədə geniş biznes imkanlarının olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev iş adamları arasında görüşlərin keçirilməsinin işgüzar əlaqələrin genişləndirilməsində faydalı olacağını vurğulayıb.

Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitski səmimi qəbula görə təşəkkür edib, Polşanın kənd təsərrüfatı və bu sahənin inkişaf perspektivləri barədə məlumat vermiş, ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. Marek Savitski bildirib ki, Azərbaycan və Polşa arasında kənd təsərrüfatının emal, damazlıq sahələrində, eləcə də ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Görüşdə mövcud iqtisadi əlaqələrə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Naibə QURBANOVA


Müəllif: